Bundan başqa, karbon qazından da istifadə etmək olar.
Arqon-qövs qaynağında və karbon qazı mühitində qaynaq aparılarkən qaynaq naqili çox vaxt avtomatik olaraq verilir.
3.1.6. Elektrik qövsü ilə aparılan qaynaq işlərinin avtomatlaşdırılması
Qaynaq əl ilə aparıla bilər. Bu zaman qaynaqçı qövsün yanmasına fikir verməlidir. Elektrod sərf olunduqca onu qövs zonasına yeritməlidir. Qövsü nəzərdə tutulan tikiş boyu aparmalıdır. Bunlar əsas qaynaq işləridir. Bu işlərin mexanikləşdirilməsi yarımavtomat qaynaqlamaya imkan verir.
Yarımavtomat aparılan qaynaqda isə elektrodun qövs zonasına verilişi mexanikləşdirilmişdir. Avtomat aparılan qaynaqda isə bundan əlavə, qövsün tikiş boyu aparılması və flüsün verilməsi də mexanikləşdirilir (Şəkil 3.10). Bu üsulda əmək məhsuldarlığı əl ilə qaynaqetmə üsuluna nisbətən 1,5-2 dəfə çox olur.
İlk dəfə akad. J.O.Paton tərəfindən flüs təbəqəsi altında elektrik qövsü ilə sürətli qaynaq üsulu təklif olunmuşdur.
3.1.7. Elektrik kontakt və elektrik şlak qaynağı
3.1.7.1. Elektrik kontakt qaynağı
Elektrik kontakt qaynağında hissələrin bir-birinə toxunduğu qaynaq yerindən cərəyan keçir. Bu zaman alınan istilikdən qaynaq olunan hissələri qızdırmaq üçün istifadə olunur. Qaynaq üçün lazım olan istilik yarandıqdan sonra qaynaq ediləcək hissələri birləşdirmək üçün bir-birinə sıxılır.
Elektrik kontakt qaynağı ilk dəfə 1882-ci ildə N.N.Benardos tərəfindən təklif edilmişdir. Kontakt qaynağının üç növü vardır: baş-başa və ya ağız-ağıza qaynaq (çatqı qaynağı), nöqtəvi qaynaq və tikişli qaynaq.