1. Traktor mühərrikləri və kənd təsərrüfatı maşınlarının təmiri
Uzun müddət istismar zamanı mexanizmlər, yaxud hissələr nasaz vəziyyətə düşərək iş qabiliyyətini itirir. Onların itirilmiş iş qabiliyyətinin qaytarılması üçün təmir aparılır. Təmir insanların alətlərdən və tərtibatlardan istifadə edərək müəyyən ardıcıllıqla yerinə yetirdikləri işlərin birliyidir.
Traktorların, kənd təsərrüfatı maşın və aqreqatlarının təmirini aqroservislərin təmir istehsalatında yerinə yetirirlər. Təmir istehsalatında əməyin təşkili forması işin həcmindən, və təmir obyektinin növündən (təmir olunan maşınların tip və modellərinin müxtəlifliyindən) asılıdır.
Maşınların təmiri texnoloji prosesə əsaslanır. Texnoloji proses-müəyyən ardıcıllıqla yerinə yetirilən təmir əməliyyatlarıdır. Texnoloji prosesin əsas təmir əməliyyatları bunlardır:
Konstruksiyaları daha sadə olduqlarına görə kənd təsərrüfatı maşınları və aqreqatları az sayda əməliyyat tələb edir.
1.1. Mühərriklərin sökülməsi və hissələrin defektləşdirilməsi
Təmirə verilən mühərriklərin xarici səthləri çirklərdən təmizlənir. Maye yağlar və soyuducu maye boşaldılır.
Mühərrikləri və düyünləri daşımaq üçün istifadə edilən qaldırıcı tərtibat, tara və nəqliyyat vasitəsi hazır olmalıdır.
Mühərriklərin təmiri və hissələrin bərpası xüsusi iş yerlərində aparılmalıdır. Burada müxtəlif marka mühərriklərin sökülməsi, yığılması və bərpası işləri yerinə yetirilir. Bunun üçün iş yerləri nəzərdə tutulan avadanlıqlar, qurğular və alətlərlə təchiz edilməlidir.
Mühərrikin işləmək qabiliyyəti onun gücü, yanacaq sərfi və s. texniki göstəriciləri ilə xarakterizə edilir. Bu göstəricilərin hər hansı birinin nominal qiymətindən kənara çıxması nasazlığın olmasını göstərir.
Əsas (vacib) texniki göstəricilərin çoxu hissələrin birləşmə xarakterindən asılıdır. Baş verən bütün nasazlıqlar hissələrin ölçülərinin və formasının dəyişməsi və zədələnmələri ilə əlaqədardır.