4. Metalların emalı üçün alətlər və xüsusi ölçmə cihazları
Maşınların təmiri zamanı təmirçi-çilingər işlərində hissələrin emalı üçün müxtəlif alət və qurğulardan geniş istifadə olunur. Yerinə yetirilən işin növündən asılı olaraq alətlərin düzgün seçilməsi və istifadəsi xüsusi əhəmiyyət daşıyır. Buna görə də həmin alətlərdən düzgün istifadə etməyi bacarmaq lazımdır. Metal hissələrin bir çox emal üsulları vardır. Metalların emal üsullarına nişanlama işləri, metalların kəsilməsi, metalların çapılması, yeyələmə işləri, burğulama işləri və s. misal olaraq göstərilə bilər. Metal hissələrin emalında kəsmə, birləşmə, çapılma ən çox zəhmət tələb edən işlərdir. Hal-hazırda bu işlərin yerinə yetirilməsində əl əməyinin yüngülləşdirilməsi üçün az əmək tələb edən avtomatik işləmə prinsipinə malik alətlərdən geniş istifadə olunur. Maşınqayırmada müəyyən göstəriciləri təyin etmək üçün xüsusi ölçmə cihazlarından istifadə olunur. Bu göstəricilərə burucu moment, təzyiq, ötürmə qabiliyyəti və s. daxildir. Həmin göstəricilərin ölçülməsində müasir elektronik cihazlardan istifadə olunur.
4.1. Metalların emalı üçün alətlər
4.1.1. Nişanlama işləri
Hissənin forma və ölçülərini çertyojda olduğu kimi emal olunan hissənin üzərində işarələmək üçün nişanlama işləri aparılır. Nişanlama - emal payını saxlamaqla ölçülərin çertyojdan və ya nümunədən pəstaha köçürülmə prosesidir. Nişanlamanın əsas məqsədi pəstahın emal sərhədini göstərməkdən ibarətdir. Nişanlama zamanı pəstahın üzərinə emal sərhədlərindən başqa, deşiklərin mərkəzlərini və oxlarını da köçürürlər. Pəstahı nişanladıqda çertyojdan və ya nümunədən onun səthi üzərinə cızıq adlanan xətlər köçürülür. Detalın səthinə köçürülmüş xətlərə kərtik deyilir. Pəstahlara nişan kərtikləri nə qədər səliqəli köçürülsə və bu kərtiklər nə qədər incə olsa nişanlama dəqiqliyi yüksək olur. Nişanlama hissələrin soyuq halda emal edilməsi zamanı yerinə yetirilən əsas işlərdən biridir. Düzgün nişanlama hissənin emal olunmasına sərf olunan vaxtın normal olmasına və işin yüksək keyfiyyətlə aparılmasına zəmin yaradır.
Əgər nişanlama düzgün aparılmasa, emal olunan hissə zay ola bilər. Bununla da qiymətli hissənin zay olması maddi ziyana və əlavə vaxt itkisinə səbəb ola bilər.
Emal ediləcək hissənin nişanlanması xüsusi masa üzərində aparılır. Üzərində nişanlama aparılacaq masanın materialı, əsasən, çuqundan olur. Masanın üst səthi emal edilərək tam hamar şəklə salınır. Bununla yanaşı, nişanlama masasının kütləsi ağır olur.