Hava qövsü ilə kəsmə üsulundan da istifadə olunur. Bu üsul daha məhsuldardır.
Bu üsulla kəsmədə ərinmiş metal sıxılmış hava axını ilə kənarlaşdırılır.
Su altında elektrik qövsü ilə metalların kəsilməsi və qaynaq edilməsi üsulları ukraynalı alim K.K.Xrenov tərəfindən işlənib hazırlanmışdır.
Su altında işləmək üçün elektrod naqillərindən bir qədər yavaş əriyən yaxmalı elektrodlardan istifadə olunur. İş zamanı elektrodun ucunda kasaya bənzər yaranır. Elektrik qövsünü əhatə edən su istiliyin təsirindən buxarlanır və parçalanaraq qaz qovuqcuqları yaradır. Elektrik qövsü həmin qovuqcuqlar daxilində havadakı qədər sakit və davamlı yanır. Artıq qazlar suyun üzünə qalxır. Qaz qovuğu qövsü əhatə edən suyun buxarlanması və parçalanması nəticəsində arası kəsilmədən yenilənir.
4.2. Xüsusi ölçmə cihazları
4.2.1. Təzyiqin ölçülməsi
Mayenin, qazların təzyiqini ölçmək üçün mexaniki və avtomatik vasitələrdən istifadə olunur. Təzyiqin ölçülməsində mexaniki ölçmə vasitəsi kimi manometrdən istifadə olunur. Manometrlər, əsasən, aşağıdakı növdə buraxılır:
Borulu, səsli yüksək təzyiq ölçən manometr (Şəkil 4.43). 0,6-7000 bar təzyiqə qədər ölçə bilir. Bu növ manometr maye və qazşəkilli vasitələrin təzyiqinin ölçülməsində istifadə olunur. Manometr təzyiqin ölçülməsinə həssasdır. Gövdəsi paslanmayan materiallardan hazırlanır. Yüksək təzyiqi ölçməklə yanaşı, dinamiki yükə və titrəyişlərə davamlıdır. Manometr təzyiqi ölçmə zamanı yüksək dəqiqliyə malikdir. Onunla geniş həcmdə ölçmə apardıqda yol verilən xəta 0,1; 0,25; 0,6 faiz olur.
Böyük yüklənməni təmin edən membranlı yüksək təzyiq ölçən manometr (Şəkil 4.44). Bu növ manometr 16 milli bardan 40 bara qədər təzyiqi ölçə bilir. Manometr təzyiqi ölçmək üçün felans vasitəsi ilə açıq şəkildə maye və qaz verilən hissəyə bağlanır. Yüklənmədən mühafizə olunmaq üçün manometr 10, 40, 100 və 400 bar təzyiqi ölçmək üçün buraxılır. Dəqiq ölçünü saxlayır. Manometr böyük dinamiki yükə və titrəyişlərə davamlıdır.