5.1.1. Kəsim görünüşləri
Hissənin proyeksiyada kəsilmiş formada görünüşü verilir (Şəkil 5.3). Kəsmə müstəvisi üzərində arxa hissə görünür. Kəsmə görünüşünün verilməsində bir və ya bir neçə kəsmə müstəvisi ola bilər. Bir kəsən müstəvi ilə alınmış kəsim sadə kəsim adlanır. İki və daha çox kəsən müstəvi ilə alınmış kəsimə isə mürəkkəb kəsim deyilir.
Şəkil 5.3. Hissənin proyeksiyada kəsilmiş formada görünüşü
5.1.2. Proyeksiyanın yarısında kəsimlər
Hissənin çertyojda kəsimli görünüşünü vermək üçün müəyyən çertyoj işi görmək lazımdır. Bununla yanaşı, çertyojda hissənin görünüşünü kəsimdə verərkən onun xarici görkəmini görmək olmur. Buna görə də hissəni kəsimdə bütün proyeksiyada deyil, ancaq proyeksiyanın yarısında verirlər. Qismən kəsimlər forması simmetrik olan proyeksiyası oxboyu xəttin hər iki tərəfində forma və ölçüdə eyni alınan hissələr üçün verilə bilər.
En kəsiklərinin çertyojdakı yerindən asılı olaraq iki cür en kəsiyi verilir: üstə salınan en kəsiyi və kənara çıxarılan en kəsiyi.
5.1.3. Kəsib çıxarma
Bəzi hallarda hissənin bütün və yarısının en kəsiyini verməyə ehtiyac qalmır. Hər hansı bir daxili hissəsini göstərmək üçün hissənin kiçik bir hissəsini kəsmək kifayət edir. Bu zaman kiçik bir hissəsi kəsilib çıxarılır və bu yerdə ştrixlənmiş adi kəsimi göstərilir (Şəkil 5.4).
Qırılma. Çertyojda hissənin təsviri zamanı vacib olmayan hissə kənar edilir. Bu, qırılma adlanır (Şəkil 5.5).