İstehsalat şəraitində eskiz üzrə bir qayda olaraq işçi çertyojlar hazırlanır. İş çertyojlar da müəyyən olunmuş hissələri düzəltmək üçün ustalara verilir.
5.1.12. Hissənin hazırlanması üçün işçi çertyojların oxunması
Çertyojların oxunması zamanı əvvəlcə çertyojda hansı hissənin təsvir olunduğu müəyyən olunur. Sonra onun forma və ölçülərinin necə olduğu, hansı materiallardan hazırlanacağı nəzərdən keçirilir.
İşçi çertyoju ardıcıllıqla oxumaq lazımdır (Şəkil 5.31). Əvvəlcə vərəqin sağ aşağı küncündəki yazı nəzərdən keçirilir. Sonra çertyojda hansı hissənin təsvir olunduğu müəyyən olunur. Bununla da hissənin hansı maşın və ya mexanizm üçün nəzərdə tutulduğu, hansı materialdan hazırlanacağı aydınlaşdırılır. Sonra çertyojda dəqiq araşdırma aparılır. Neçə proyeksiyada verildiyi və bunlardan hansının baş görünüş olduğu müəyyənləşdirilir.
Çertyoju diqqətlə nəzərdən keçirib əlavə proyeksiya və kənara çıxarılmış en kəsiyi aydınlaşdırılır. Verilmiş hissə-hissə proyeksiya və onlar arasında qeydlər, habelə proyeksiyalarda kəsimlərin olmasına diqqət yetirilir. Çertyojla müəyyən tanışlıqdan sonra çertyoj daha ətraflı oxunur və təhlili aparılır.
Yığma çertyojları bu ardıcıllıqla oxunur. Yığma çertyojunda hər hansı bir hissəni tapmaq üçün bu detalın çertyojdakı proyeksiyaların birinə baxmaqla kifayətlənmək olmur. Bunun üçün bütün proyeksiyalarda hissəni axtarmaq lazımdır. Yığma çertyojlarında müxtəlif hissələrdə ştrixləmə xətlərinin istiqaməti müxtəlif olur. Buna görə də ayrı-ayrı hissələri kəsimdə daha yaxşı görmək olur.