Təmirə qəbul edilmiş maşın əvvəlcə sökülür. Sonra sökülmüş hissələr xüsusi məhluldan istifadə edilməklə yuyucu maşınla təmiz yuyulur. Bundan sonra nəzarətçi mühəndisin nəzarəti altında deffektləşdirmə aparılır. Müəyyən olunmuş yararlı hissələr gələcəkdə istifadə olunması üçün lazımi anbarlara qəbul olunur. Təmirə və bərpaya ehtiyacı olan hissələr təmir sexlərinə daşınır. Təmirə yararsız hissələr isə çıxdaş olunur. Deffektləşdirmə aparılan zaman yüksək dəqiqliyə və keyfiyyətə malik olan universal qurğulardan, cihazlardan, alətlərdən istifadə olunur. Aparılmış deffektləşdirmənin nəticələri təmirə daxil olan maşının vəziyyətini dəqiqləşdirməyə imkan verir. Bunun nəticəsi olaraq deffektləşdirmə cədvəli tərtib olunur. Bununla da hissələrin bərpası və maşınların tam təmiri üzrə görüləcək işlər müəyyən olunur. Maşınların təmirinin keyfiyyətli olması deffektləşdirmənin dəqiq aparılmasından asılıdır.
5.2.2. Təmir işlərinin ayrı-ayrı mərhələlərində keyfiyyətə nəzarətin aparılması
Təmir müəssisəsinə daxil olan ehtiyat hissələri yoxlanılır. Yoxlama texniki şərtlərə uyğunluğuna görə aparılır. Tələbatdan asılı olaraq ehtiyat hissələrinin ölçüləri, kökləri, bərkliyi, elastikliyi və s. göstəriciləri yoxlanılır.
Maşın və avadanlıqlar təmirə qəbul edilir. Bu zaman onlara əməliyyat mütəxəssisi tərəfindən baxış keçirilir. Baxış keçirilərkən onların komplektliliyinə, əsasına və bahalı hissələrin vəziyyətinə xüsusi fikir verilir. Traktor, avtomobil, kombayn və kənd təsərrüfatı maşınlarının təmirə qəbul olunması üçün müəyyən olunmuş işlər var.
Maşınların təmizlənməsinə və yuyulmasına xaricdən baxılmaqla nəzarət edilir.
Hissələrin əvvəlcə həndəsi göstəriciləri yoxlanılır. Sonra yığılma və komplektləşdirmə işi həyata keçirilir. Qrup şəklində və yaxud ayrılıqda aparılan əməliyyatdan sonra yığma işləri texniki şərtə uyğun aparılır. Burada əsasən, hissələrin yığılma işinin yığma xəritəsində göstərilən texniki şərtə uyğun olması yoxlanılır.
Hissələr səthinin rənglənməsi üçün hazırlanır. Sonra rəngləmə şöbəsində rənglənir. Qurudulur və sonda yerinə yetirilən işin keyfiyyəti yoxlanılır.
Təzə təmirdən çıxmış dizel mühərrikinin qalıq resursu (işləmə müddəti) normativ üzrə təzə mühərrikin resursunun 80 faizinə bərabər olmalıdır.
Təmir edilmiş hər bir dizel mühərriki ildə 1500 motosaat (iş saatı) işləməlidir. Ona bir il müddətinə, yəni 12 ay zəmanət verilir. Mühərrikin gücü nominal (normal) gücə bərabər olmalıdır. Yağın təzyiqi və xüsusi yanacaq sərfi texniki sənədləşdirmədə göstərilən tələblərlə uyğunlaşdırılmalıdır.
Həyata keçirilən texniki nəzarətin əsas vəzifəsi zay məhsul buraxılışının vaxtında qarşısını almaqdır. Bunun üçün zay olmuş hissələr, aqreqatlar və maşınlar müəyyən olunur. Sonra xüsusi kitab açılır və aşağıdakı əsas göstəricilər qeyd olunur: