6. Kənd təsərrüfatında istifadə olunan maşın və avadanlıqların təmiri zamanı təhlükəsizlik tədbirləri
Təmir zamanı müxtəlif alətlərdən, avadanlıqlardan, qurğu və cihazlardan istifadə olunur. Onların hər birinin ayrılıqda istifadə qaydaları var. Bu itifadə qaydalarına düzgün əməl olunmalıdır. Düzgün istifadə edilmədikdə onunla işləyən insanlara və ətrafdakılara böyük təhlükə yarada bilər. Buna görə də müxtəlif sahələrdə çalışan insanların sağlamlığı qorunmalıdır. İş zamanı müəyyən zədələnmələrin qarşısını almaq üçün həmin sahə üzrə təhlükəsizlik tədbirləri əsaslandırılır. Hər bir çalışan işçi bu tələblərə mütləq əməl etməlidir. Yeni işə qəbul olunan hər bir işçi əvvəlcə öz işi ilə əlaqəli təhlükəsizlik tədbirləri ilə tanış olur. Hər bir insan öz sağlamlığını qorumaq üçün nəinki iş yerində hətta həyatda qarşılaşdığı bütün işlərdə təhlükəsizlik qaydalarına riayət etməlidir.
6.1. Təmir zamanı alətlərdən və işçi yerlərindən istifadə
6.1.1. Alətlərdən istifadə
Hər hansı bir alət istifadə etmək üçün saz və rahat olmalıdır. Çəkic, kuvald və başqa alətlərin dəstəkləri yumşaq ağac cinsindən oval (ellips) formada hazırlanır (Şəkil 6.1). Zərbə alətləri çatsız, əziksiz olmalıdır.
Zubillərdən çatsız və çıxıntısız, qayka açarlarının paralel ağızlı çatsız yanlarından əziksiz olaraq istifadə olunmalıdır. Xüsusi çıxarıcılar (syomniklər) çatsız, deformasiyaya uğramamış, yivləri əzilməmiş olmalıdır. Elektrik alətlərinin gövdələri yerlə birləşdirilməlidir. Gövdə və naqilləri etibarlı surətdə izolə edilmiş olmalıdır. Pnevmatik alətlər hava verici boru ilə etibarlı birləşdirilməlidir.
6.1.2. İşçi yerlərinin hazırlanması
İşçi yeri təmiz və səliqəli saxlanılmalıdır. Alət üçün onun vəzifəsindən və ölçüsündən asılı olaraq xüsusi saxlanma avadanlıqlarından istifadə olunur (Şəkil 6.2). Bunun üçün xüsusi yeşiklər, arakəsməli şkafçıqlar, rəflərdən istifadə olunur. Emal edilən hissələr üçün hündürlüyü 1,5 metrdən artıq olmayan möhkəm rəflər nəzərdə tutulur.