6.2.2. Təmir işləri zamanı təhlükəsizlik texnikası qaydaları
Təmir işinə başlamazdan qabaq görüləsi işə uyğun xüsusi geyim geyilməlidir (Şəkil 6.9). Sökmə və yığma işləri lazımi ardıcıllığa əməl olunmaqla yerinə yetirilməlidir. Əks halda əlavə işlərin yerinə yetirilməsi lazım gəlir. Bu da zədələnmə ehtimalı yarada bilər. Təmir edilən maşının qovşaq və hissələrinin kütləsi 20 kiloqramdan artıq ola bilər. Bu zaman onları qabaqcadan sınaqdan keçirilmiş tutucu tərtibatı olan qaldırıcı-daşıyıcı vasitələrlə qaldırıb hərəkət etdirmək lazımdır. Müxtəlif oymaqların, diyircəkli yastıqların və başqa hissələrin çıxarılması lazım gəlir. Bunun üçün xüsusi çıxarıcı (syomnik) tərtibat və presdən istifadə olunur
Yalnız saz alətlərdən, qüsuru olmayan çıxarıcılardan (syomnik) və başqa tərtibatlardan istifadə edilməlidir.
Boltun və qaykanın dəqiq ölçüsünə uyğun açar seçilməlidir.
Sökmə-yığma zamanı qayka açarının dodaqları arasına müxtəlif ara qatı qoyulmaqla onun ölçüsünü qayqa və ya bolt ölçüsünə uyğunlaşdırmaq olmaz (Şəkil 6.10).
Eləcə də açarın ucuna boru taxmaqla ona tətbiq edilən qüvvəni artırmağa icazə verilmir (Şəkil 6.11)
Yığma zamanı deşikləri bir-birnə uyğunlaşdırmaq üçün barmaqdan yox, baradoqdan və ya xüsusi tutuşdurucu tərtibatdan istifadə etmək lazımdır (Şəkil 6.12). Yayların çıxarılması və yerinə salınması işləri yerinə yetirilir. Bunun üçün xüsusi çıxarıcılardan (syomniklərdən), maşalardan, sıxıcı bolt və ya tərtibatlardan istifadə olunur.
Pnevmatik və elektrik alətləri ilə işə başlamazdan qabaq onları boş işlədərək yoxlamaq lazımdır. Yığma işlərini qurtardıqdan sonra çilingər mexanizmləri və maşının qovşaqları yoxlanılmalıdır. Bədbəxt hadisəyə səbəb ola biləcək kənar əşyaların olub-olmaması gözdən keçirilməli və kənarlaşdırılmalıdır.