6.3. Təmirdən çıxmış maşın mühərriki və aqreqatların boş işlədilməsi
Belə sahələr başqa istehsalat sahələrindən izolə edilməlidir. Mühərrik sınağı şöbəsinin səs izoləsinə xüsusi diqqət yetirilməlidir. Sınaq olunan mühərriklərin ixrac qazı etibarlı surətdə kənara çıxarılmalıdır. Ventilyasiya ilə sınaq edilən otağa təmiz hava daxil olunması təmin edilməlidir.
Bu şöbədə mütləq qaldırıcı nəqletdirici avadanlıq olmalıdır. İşıqlanma 150 lyuksdan (işiqlanma ölçü vahididir) az olmamalıdır. Döşəmə bərk olmalıdır. Mühərrik sınağı sahəsində isə döşəmə mailliyi metlax piltələrdən elə düzəldilməlidir ki, axan mayenin kənarlaşdırılması mümkün olsun.
Təmir olunmuş maşın və aqreqatların boş işlədilməsi və sınağı zamanı təhlükəsizlik tədbirlərinə əməl olunmalıdır. Bu məqsəd ilə xüsusi geyimdə və tələb olunan fərdi mühafizə vasitələri ilə işləmək lazımdır. Sınaq zonasında kənar şəxslər olmamalıdır.
Sınaq obyekti stendə möhkəm bərkidilməlidir. Sınağa və ya boş işlətməyə başlamazdan qabaq kardan valı və başqa ötürmələrin olması yoxlanılır. Bununla yanaşı, sınaq obyektinin etibarlı qoruyucu örtüyünün olması yoxlanılmalıdır. Elektrik avadanlığı, elektriklə işlədilən stendlərin gövdələri yerlə birləşdirilməlidir. Stendə texniki xidmət yalnız onun işi tam dayandırıldıqdan sonra aparılmalıdır.
Ayrı-ayrı qovşaqları nəzərdən keçirmək üçün 12-42 Volt gərginlikli gəzdirilən lampadan istifadə edilir. Siqarət çəkmək (Şəkil 6.13) və açıq alovdan istifadə etmək qadağandır. Mühərrikləri boş işlədəndə və onları sınaq edən zaman yanğından qorunmaq lazımdır (Şəkil 6.14).