Dirsəkli vallar təmir edildikdən sonra ona nazimçarx bərkidilir. Nazimçarxla dirsəkli val birlikdə balanslaşdırılır. Dirsəkli valın boyunlarının təmir ölçülərinə uyğun içliklər seçilib dəstləşdirilir. İçliklərin ölçüsü və təmir ölçüsünün işarəsi onun arxa tərəfində qeyd olunur. Ana və sürgüqolu boyunları yastıqlarında içliklər öz yuvasında kip oturmalıdır. Əgər kip oturmursa, onun xarici səthi azca sürtünməlidir. Valın boyunları ilə içliklər arasında yağlanma normal olmalıdır. Bunun üçün müəyyən araboşluğu olur. Araboşluğunun ölçüləri müxtəlif mühərriklərdə 0,05-0,20 millimetr qiymətində dəyişir. Araboşluğunun ölçüləri müəyyən edilir. Bunun üçün dəstləşdirilmiş içliklər blokun gövdəsində və sürgüqolu boynu yastıqlarında kip oturdulur. Qapaqlar yerinə bağlanır. Sıxıcı qaykalar müəyyən qüvvə ilə çəkilir. Bunun üçün dinamometrik açarlardan istifadə olunur. Bundan sonra yastıqların daxili diametri ölçülür. Bunun üçün daxili ölçən indikatordan istifadə olunur. Alınmış ölçü ilə dirsəkli valın boyunlarının ölçüləri müqayisə olunur. Bununla da araboşluğunun qiyməti təyin olunur. Sonra qaykalar açılır, dirsəkli val blokda oturdulur. Yataqların qaykaları çəkilir. Dirsəkli valda ana boyun yataqları qaykalarını çəkmək üçün müəyyən qüvvə tələb olunur. Bu qüvvənin qiyməti mühərrikin markasından asılıdır. Bu qüvvənin qiyməti dinomometrik açarla tənzimlənir. Dinomometrik açarın göstərici Nyuton (N) və ya kiloqramla ola bilər. Yivlərin addımı və diametrindən asılı olaraq bərkitmə qüvvəsi dəyişir. Addım və diametir böyüdükcə sıxma qüvvəsi də artır. Dirsəkli val yığıldıqdan sonra asanlıqla fırlanmalıdır. Öz oxu istiqamətində mühərrikin markasından asılı olaraq 0,05-0,50 millimetr hüdüdunda sərbəst hərəkət etməlidir. Bu hərəkətin hüdudu valın markasından asılı olaraq aypara şəkilli hissə ilə nizamlanır. Sərbəst gediş şupla (araölçən dəsti) ilə yoxlanılır.
1.2.5. Nazimçarxın təmiri
Nazimçarxlar, əsasən, boz çuqundan hazırlanır. Sağanaqları (üzərinə keçirilmiş dişli üzlük) isə, əsasən, keyfiyyətli poladdan olur.
Nazimçarxda aşağıdakı nasazlıqlar ola bilər:
Sürtünən işlək səthlərdə yeyilməni və cızılmanı təyin etmək üçün dərinlik ölçən mikrometrdən və kürəcikli ştativli minimetrdən (0,001 millimetr dəqiqliklə) istifadə olunur (Şəkil 1.9).