Şəkil 1.9. Nazim çarxın yoxlanılması
Təmir edildikdə səthlər yonulur. Sonra sumbata kağızı ilə sürtülür.Təmir edilmiş səth nazimçarxın mərkəzi oxuna nəzərən perpendikulyar olmalıdır. Nazimçarxın öz oxu üzrə vurması, yəni perpendikulyarlıqdan kənarlaşma 0,02 millimetrdən artıq olmamalıdır. Sağanağın dişləri müəyyən ölçü həddində yeyilənə qədər istifadə olunur. Bu yeyilmə, əsasən, dişin qalınlığında nəzərdə tutulur. Dişlərin qalınlığı 1,0-1,2 millimetr yeyilənə qədər istifadə oluna bilər. Yeyilmə bu ölçü həddini keçdikdən sonra yenisi ilə əvəz olunur. Dişlərin qalınlığını müəyyən etmək üçün dişölçəndən istifadə olunur. Əyilmiş və yeyilmiş bolt və barmaq yuvaları əvvəlcə yoxlanılır. Yoxlamaq üçün müvafiq yivölçəndən istifadə olunur. Yuvalar təmir edildikdə yonularaq böyük təmir ölçüsünə gətirilir. Çiv yuvalarının daxil ölçüləri yoxlanılır. Təmir edildikdən sonra nazimçarx dirsəkli vala bağlanır. Yuvanın hər iki yarım hissəsi eyni zamanda yonularaq genəldilir. Yuvanın ölçüsündə yeni yiv hazırlanır. Fiksator (ilkin olaraq nazimçarxın yerinə oturdulması üçün) oturan yuvaların yeyilməsi kalibrlə (ölçü etalonu) təyin olunur. Təmir zamanı yeyilmiş hissə yonulur. Həmin hissəyə halqa presləməklə normal ölçü bərpa olunur. Lazım gəldikdə (diametr çox böyüdükdə) imkan dairəsində dərinlik də artırılmalıdır. Təmir edilmiş nazimçarx balanslaşdırılır (tarazlaşdırılır). Tarazlığı düzəltmək üçün nazimçarxın ağır tərəfindən deşiklər açılır. Bu deşiklərin diametri 25 millimetr, dərinliyi 15 millimetr olmaqla yan-yana yerləşdirilir. Tarazlıqdan kənarlaşmaya yol verilən qiymət mühərrikin markasından asılı olur.
1.2.6. Silindrlər blokunun təmiri
Silindrlər bloku, mühərrikin əsası olub boz çuqundan və ya alüminiumdan hazırlanır. Silindrlər blokunda aşağıdakı nasazlıqlar ola bilər: