Şəkil 1.14. Silindrlərin blok başlığının yoxlanılması
1.4. Maye nasosuna daxil olan hissələrin təmiri
1.4.1. Su nasosunun təmiri
Soyuducu maye nasosunun gövdəsi, əsasən, boz çuqundan hazırlanır. Su nasosunda aşağıdakı nasazlıqlar baş verə bilər:
Gövdədə çatın olması gözlə baxılaraq yoxlanılır. Nasosun gövdəsində və oturma yerlərində çat və sınıqlar olduqda çıxdaş hesab olunur. Bəzi hallarda çatı qaynaq və epoksid yapışqanından istifadə etməklə təmir edirlər.
Oymaqlar, yastıq və kipkəc oturan yuvaların yeyilməsi yoxlanılır. Yoxlama dairəvi (yumru) daxili və xarici ölçən kalibrlərlə aparılır. Yuvalar yeyilmiş olduqda təmir edilir. Yuvalar yonulub genəldilir. Müvafiq ölçüdə çuqun oymaq hazırlanıb yuvaya preslənir. Sonra yuvanın daxili yonulub normal ölçüyə gətirilir. Yeyilmə az olduqda epoksit yapışqanından istifadə edilməklə təmir edilir. Su pərləri ilə görüşən səthin yeyilməsi yoxlanılır. Yoxlamaq üçün şuplardan istifadə olunur. Yeyilmə olduqda çıxdaş edilir.