1.5. Yağlama sisteminə daxil olan hissələrin təmiri
Yağlama sisteminin əsas nasazlıqları yağ nasosunun, yağ süzgəclərinin xarab olması və ya öz funksiyasını tam yerinə yetirə bilməməsi ola bilər.
1.5.1. Yağ nasosunun təmiri
Yağ nasosunun gövdəsi boz çuqundan hazırlanır. Yağ nasosunda aşağıdakı nasazlıqlar ola bilər:
Gövdədə çat olduqda yağın təzyiqi azalır. Çatlar olduqda gövdə yenisi ilə əvəz olunur. Gövdənin qapaqla birləşən səthində qabarmaların olması müstəvi xətkeş ilə yoxlanılır. Qabarma olduqda birləşən səth frezlənir, cilalanaraq hamarlanır. Səthin müstəviliyinin normal ölçüdən kənarlaşması 0,05 millimetrdən çox olmamalıdır. Yivlərin yeyilməsi və zədələnməsi yivölçənlə yoxlanılır. Yeyilmə və zədələnmə olduqda yeni yiv açılır. Təmir ölçüsünə uyğun yeni bolt seçilir.
Gövdənin dişli çarxlarla görüşən səthinin yeyilməsi müstəvi xətkeşlə yoxlanılaraq müəyyən edilir. Yeyilmə olduqda səth frezlənərək cilalanır.
Vallar və onun oturduğu yuvaların yeyilməsi daxili ölçən kalibrlərlə təyin edilir. Yeyilmə olduqda yenisi ilə əvəz olunur.
Gövdə daxilində dişli çarxlara toxunan səth yeyilə bilər. Həmin hissə epoksid yapışqanından istifadə etməklə və ya babit əridib tökməklə təmir edilir.
Nasosda qapağın dişli çarxlarla görüşən səthinin yeyilməsi yoxlanılır. Yeyilmə olduqda pardaqlamaqla təmir olunur. Səthin müstəvilikdən kənarlaşması 0,03 millimetrdən çox olmamalıdır.
1.5.2. Yağ süzgəclərinin təmiri
Yağ süzgəclərində aşağıdakı nasazlıqlar ola bilər:
Gövdə əvvəlcə yoxlanılır. Çat aşkar edildikdə qaynaq və ya epoksit yapışqanından istifadə edilməklə təmir edilir.
Yivlərin yeyilməsi və zədələnməsi yivölçənlə yoxlanılır. Yeyilmə və zədələnmə olduqda yivlər yenidən açılır.