Gavahınlar doldurma üsulu ilə də təmir edilir. Doldurma üsulu, əsasən, dartılma, doldurma və səth əritmə əməliyyatlarından ibarətdir. Bu üsulla təmir zamanı gavahın 1200 dərəcə selsi temperatura qədər qızdırılır. Qızdırılmış gavahının əvvəlcə uc hissəsi sonra isə uzununa düz sahəsi dartılır. Bunun nəticəsində gavahının uzununa boyuna eni 25-30 millimetr dərinliyi 1,52,0 millimetr olan çökəklik yaranır. Sonra yaranmış çökək səth təmizlənir. Təmizləmədən sonra şablon (ölçü etalonu) vasitəsi ilə yoxlama aparılır. Yoxlamanı dəqiq aparmaq lazımdır. Bunun üçün şablon (ölçü etalonu) səthə perpendikulyar tutulmalıdır. Yoxlama zamanı kəsici tiyə şablonun ölçüsü ilə üst - üstə düşməlidir. Kənarlaşmanın 2-3 millimetrdən artıq olmasına yol verilmir.
Təmir emalatxanasında gavahının tiyə hissəsi xüsusi polad ərintisi ilə doldurulur. Sonra itilənir.
Qaynaq üsulu ilə doldurmada xüsusi qrafit elektroddan istifadə olunur. Bu zaman cərəyan şiddəti 200-350 A, alov qövsünün uzunluğu isə 3-4 millimetr olmalıdır. Qaynaq apararkən səthin hamar olmasına diqqət yetirilməlidir. Buna görə də qaynaq əvvəldən axıradək çal-çarpaz istiqamətdə aparılmalıdır.
Diqqət! Qaynaqdan sonra səthdə çatların olmasına yol vermək olmaz. Aparılan qaynağın qalınlığı 1,4-2,0 millimetr, eni isə 55-65 millimetr olmalıdır.
Göl taxtasının arxa hissəsi alt və yan tərəfdən yeyilir. Belə olduqda yeyilmiş səth qaynaq edilərək təmir edilir. Normal ölçüdə bolt deşikləri açılır. Sonra 1800 çevrilərək gövdəyə sıxılır. Bu zaman onun yeyilmiş səthi arxa tərəfə durur.
Laydır yeyildikdə çöl kəsiyi formasını dəyişir. İşçi səthi sürtülüb yeyilir və uc hissəsi sınır. Laydırda ən çox yeyilmə döş hissəsində olur. Təmir etmək üçün yararsız laydır seçilir. Seçilmiş laydırdan yeyilmiş hissəyə uyğun ölçüdə hissə kəsilib götürülür. Kəsilib götürülmüş hissə təmir ediləcək laydırın yeyilmiş döş hissəsi üzərinə qoyularaq qaynaq etmək üçün bərkidilir. Sonra isə kənarları elektrodla qaynaq edilir. Qaynaq ediləcək hissə kimi qalınlığı 4 - 6 millimetr olan polad təbəqədən də istifadə etmək olar.
Termiki emaldan sonra bərkliyi 50-62 HRC olmalıdır. Yoxlama aparmaq üçün şablonlardan istifadə olunur.
1.8.2. Kultivator pəncələrinin təmiri
Kultivator pəncələri, əsasən, keyfiyyətli poladdan hazırlanır. Onların torpağı kəsən tiyə hissəsi 50-56 HRC möhkəmliyə malik olana qədər tablandırılır. Kultivator pəncələrində aşağıdakı nasazlıqlar ola bilər: