2. Maşınqayırmada istifadə olunan müxtəlif materialların emalı
Maşınqayırmada müxtəlif növ materiallardan hazırlanmış və müxtəlif təyinatlı materiallardan geniş istifadə edilir. Ən çox istifadə edilən materiallar sırasına qara və əlvan metallar və müxtəlif tərkibli ərintiləri misal göstərə bilərik. Texnikada tətbiq edilən metallar qara və əlvan metallara bölünür.
Müasir texnikanın əsas metal materialı dəmirin karbonla ərintisidir. Karbonun miqdarından asılı olaraq həmin ərintilər polad və çuquna bölünür. Poladın tərkibində 2 faizə qədər, çuqunun tərkibində isə 2 faizdən çox karbon olan dəmir-karbon ərintisidir.
Əlvan metallar da maşınqayırmada geniş yer alır. Texnikada təyinatından asılı olaraq müxtəlif əlvan metallardan (alüminium, mis, qurğuşun, folfram, qalay və s.) istifadə edilir.
Deyilənlərdən əlavə maşınqayırmada qeyri-metal materiallardan da geniş istifadəyə yer verilir. Bu materiallara misal olaraq plastik kütlələri, taxta materialları, müxtəlif təyinatlı rezin (kauçuk) materialları göstərə bilərik.
Bu materialların hər birindən kənd təsərrüfatı maşın və aqreqatlarının hazırlanmasında geniş istifadə olunur.
2.1. Metalların emalı
Maşınqayırmada istifadə olunan hissələr müxtəlif üsullarla hazırlana bilər. Bu üsullara tökmə, yayma, döymə, presləmə, ştamplama və s. aiddir. Qeyd olunan bu üsullarla hazırlanan hissələrin forma və ölçüləri dəqiq olmur. Bununla yanaşı, hissələrin təmiri zamanı səthin hamarlanması tələb olunur. Təmir olunmuş hissənin lazımi ölçü və formaya salınması lazım gəlir. Hissələrin müxtəlif üsullarla hazırlanması və təmiri zamanı həmin hissələr tələb olunan ölçü və formaya gətirilməlidir. Bunun üçün müxtəlif emal proseslərindən (kəsməklə, yeyələməklə, yonmaqla və s.) istifadə olunur. Emal prosesi dedikdə yerinə yetirilən işlərin məcmusu nəzərdə tutulur.
Kəsmə ilə emalolunma ən mühüm texnoloji xassələrdən biridir, çünki pəstahların, qaynaq qovşaqlarının və konstruksiyaların detallarının əksəriyyəti mexaniki emal olunur. Metalları kəsməklə emalı prosesində hissələrin tələb olunan ölçüdən artıq hissəsi kəski işlərini yerinə yetirən dəzgahlarda yerinə yetirilir. Kəsilmiş hissə yonqar şəklində atılır. Kəsilib atılan metal hissəsi emal payı adlanır. Yerinə yetirilən prosesə isə mexaniki emal və yaxud kəsmə ilə emal deyilir.
Üzərində mexaniki emal prosesi aparılan hissə pəstah adlanır. Pəstahı (hissəni) kəsmə üsulu ilə emal etdikdə müxtəlif konstruksiyalı quruluşlu alətlərdən istifadə olunur. Bu alətlərdən istifadə emal üsulunun seçilməsindən asılıdır.
Ümumiyyətlə, metalların emalı (işlənməsi) aşağıdakı üsullarla aparılır: