3.1.7. Yığım zamanı təhlükəsizliyin təmin edilməsi
Bu alt başlıqda kənd təsərrüfatı məhsullarının yığılmasında işçi orqanların təmizlənməsinin, kənar işçilərin aqreqatın işlədiyi sahənin yaxın ərazisində yerləşməsinin, otun və küləşin preslənməsi zamanı otun presləyici mexanizmə əl ilə verilməsinin qadağan edilməsi şərtləri verilir. Eyni zamanda taxılyığan və qarğıdalıyığan kombaynların işi zamanı işçi orqanlarının tənzimlənməsinin qeyri - mümkünlüyü qeyd edilir.
Kombayn sahədə biçin apararkən kombaynın nərdivanında kənar şəxslərin durmasına yol verilmir.
Kombayn işləyə - işləyə cəhrəsinə yaxınlaşmaq, yoxlamaq, təmizləmə işləri aparmaq, döyən aparatın qayışlarına toxunmaq, zəncirləri yoxlamağa icazə verilmir.
Bütün bunlar kombayn dayandıqdan sonra yerinə yetirilə bilər.
Kombaynların bunkerindən dən boşaldılarkən əlləri bunkerin içinə salmaq qadağandır.
3.1.8. Aqreqatın işçi orqanların təmizlənməsi
Unutmayın! Kənd təsərrüfatı məhsullarını yığan maşınlarda iş zamanı yağlama, tənzimləmə, təmir, həmçinin kəsici aparatların təmizlənməsi qəti qadağandır (Şəkil 3.8).
Təmizləmə və xidmət işləri işçi orqanlar tam dayandırıldıqdan sonra yerinə yetirilməlidir.
3.1.9. Hərəkət edərkən təhlükəsizlik tədbirləri
Diqqət! Səpin, əkin və yığım maşınlarının işi zamanı işçilərin aqreqatın önündə, arxada və yanlarda durması qadağandır (Şəkil 3.9).
3.1.10. Ot yığan, presləyən aqreqatla işləyərkən təhlükəsizlik tədbirləri
Unutmayın! Ot yığıb presləyicilərlə işlədikdə samanın (otun) presləyiciyə əl ilə verilməsi qadağandır (Şəkil 3.10). Bu həyat üçün təhlükəlidir.