Şəkil 3.30. John Deere JD 690 markalı 6
cərgəli pambıqyığan kombaynla pambığın
rulonlu kiplərlə toplanması
3.5.4. Pambığın kombaynla rulon formasında bağlanması
Yığılmış pambığı qoşquya boşaltmaq bəzən çox vaxt aparır, pambığın yerə tökülməsinə səbəb olur.
Bunun qarşısını almaq üçün yığılmış pambığı rulon formasında qablaşdıran kombaynlardan istifadə edilir.
John Deere JD 690 markalı 6 cərgəli pambıqyığan kombayn pambığı yığır, təmiz pambığı rulonlayır və üzərini bir neçə qat polietilen materialla üzləyir. Belə rulonlar hətta 6 aya yaxın müddətdə saxlanıla bilir.
Belə rulonları sonradan pambıq qəbulu məntəqələrinə və ya emal zavodlarına daşımaq asan olur.
Unutmayın! John Deere pambıqyığan kombaynı iş zamanı yığılmış pambıq kütləsini rulon halında formaya salır və sahə kənarında xüsusi ayrılmış yerdə toplanır (Şəkil 3.30).
3.6. Nəzarət cihazları
Traktorların özüyeriyən kombaynların sistem və mexanizmlərinin normal işinə nəzarət etmək, normal fəaliyyət göstərməsini xarakterizə edən göstəricilərə daim nəzarət etmək üçün kabinada sürücünün cihazlar lövhəsində müxtəlif cihazlar qoyulur. Bu cihazlar soyutma, yağlama, qidalanma, hidravlik və elektrik sistemlərinin, idarə etmə orqanlarının normal fəaliyyətini əks etdirir.
Yağlama sistemində və hidravlik sistemdə yağın təzyiqinə, süzgəclərin çirklənməsinə və s. nəzarət edilir.
Soyutma sistemində soyuducu mayenin temperaturuna nəzarət edilir. Elektrik sistemində sistemdə olan cərəyan şiddətinə nəzarət edilir.
Tormoz mayesinin səviyyəsi və təzyiqinə nəzarət edilir.
Odur ki, sürücü mütəmadi olaraq bu cihazların göstəriciləri əsasında texnikanın texniki vəziyyəti haqqında məlumat əldə etməklə nəzarət edir.
3.6.1. Yağ səviyyəsini ölçən cihaz
Diqqət! Aqreqatın işi zamanı kabinadakı ekranda yağın səviyyəsini ölçən xüsusi cihazın (mikromanometr) göstəricisinə fikir verilməlidir (Şəkil 3.31).