4.3. Mühərrikli maşınların qızmış hissələrindən yanma qabiliyyətli materialların təmizlənməsi
Kənd təsərrüfatı bitkiləri yığılarkən, xüsusi ilə taxıl, qarğıdalı, pambıq və başqa bitkiləri yığarkən qurumuş bitki qalıqları maşınların qızmış işçi hissələrinə yığıla bilir. Bu isə oddan təhlükəlidir. Odur ki, mühərrikli maşınlardan istifadə etdikdən sonra işin sonunda maşının hissələri bitki qalıqlarından təmizlənir.
Burada müxtəlif növ maşınları istifadə etdikdən sonra işçi orqanların təmizlənməsi qaydaları haqqında təlimatlanma işləri haqqında məlumat verilir. Eləcə də John Deere taxıl və pambıqyığan, Class Meqa tipli taxılyığan kombaynların və digər maşınların istifadədən sonra işçi orqanlarının təmizlənməsi haqda məlumatlar qeyd edilir.
4.3.1. Mühərrikli, özüyeriyən kombaynların işçi orqanlarının təmizlənməsi
Taxılyığan kombaynların mühərrikləri yanğın təhlükəsizliyini təmin etmək məqsədi ilə kombaynın üst hissəsində yerləşir. Lakin nə qədər olsa da taxıl biçini zamanı yüngül saman hissəcikləri, püfə havada oynayaraq kombaynın bütün hissələrinə tökülür (Şəkil 4.4). O cümlədən qızmış hissələrin üzərinə də düşür. Şnekdə, biçən aparatda, maili kameranın zəncirlərində, döyən aparatda, saman - küləş silkələyəndə, xırdalayıcıda küləş və saman qalıqları qalır.
Gün ərzində qızmış hissələrə ilişib qalan qalıqlar təmizlənməli, işdən sonra kombayn tam təmizlənməlidir.
Unutmayın! İstifadədən sonra taxılyığan kombaynların işçi orqanları təmizlənir.
4.3.2. Kombaynın işçi hissələrinin bitki qalıqlarından təmizlənməsi
Kombaynın işi qurtardıqdan sonra işçi hissələrin üzərində olan qalıqlar təmizlənir. Biçən hissə və şnekdə saman, dən, sünbül, küləş qalıqları yanğın üçün təhlükəlidir. Odur ki, təmizlənməlidir (Şəkil 4.5).