4.3.5. Pambıqyığan kombaynın bitki qalıqlarından təmizlənməsi
Pambıqyığan kombaynın işindən sonra pambıq lifləri yüngül olduğu üçün havada oynayır və kombaynın işçi hissələrinin üzərinə oturur. Ona görə qızmış hissənin üzərinə düşdükdə tez alışa bilər.
İşdən sonra bütün işçi hissələrə ilişən pambıq lifləri təmizlənməlidir.
Unutmayın! JOHN DEERE 7760 pambıqyığan kombayn istifadədən sonra saxlandıqda şpindellər, pambıq sorucu boru və digər işçi orqanları liflərdən, quru ot, toz və digər materiallardan təmizlənir (Şəkil 4.10).
4.3.6. Pambıqyığan kombaynın işdən sonra saxlanması
Yadda saxlayın! JOHN DEERE 7760 pambıqyığan kombayn işdən sonra təmizlənir və xüsusi meydançalara qoyulur (Şəkil 4.11).
Vacib şərtlərdən biri pambıqyığan kombaynın işçi orqanlarının nəmdən, günəş şüasından və s. qorunmasıdır. Bu, onun iş ömrünü artırır, işçi hissələrin xidmət ömrünün və məhsuldarlığının yüksəlməsini təmin edir.
4.3.7. Pambıqyığan kombaynın mövsümdən sonra saxlanması
Pambıqyığan kombaynlar pambıq yığımı mövsümü qurtardıqdan sonra saxlanmaya qoyulmalıdır.
Bu məqsədlə kombaynın işçi orqanları bitki qalıqlarından, torpaqdan təmizlənir və saxlanmaya qoyulur.
Yadda saxlayın! JOHN DEERE 7760 kombaynı mövsümdən sonra saxlanıldıqda işçi orqanlar torpaq səthindən yuxarı qaldırılmalı, təkərlər dayağa qaldırılmalı, təkərlərin içərisindəki hava 70 faizədək çıxarılmalıdır (Şəkil 3.28).