Peyin dağıdan işçi orqan qarşı-qarşıya, cüt-cüt işləyən üzəri dişli şnekli barabandan ibarətdir. Barabanlar elə yerləşdirilmişdir ki, peyini aqreqatın hərəkəti istiqamətində geriyə, sağ və sol tərəfə bərabər səpələyir. Şneklər val üzərində şahmat qaydasında yerləşdirildiyi üçün peyin onların arasından keçəndə xırdalanır və böyük sürətlə mərkəzdən qaçan qüvvənin hesabına kənarlara atılır (Şəkil 4.9).
4.1.9. Peyin dağıdanların banı və tamasalı nəqletdirici
Peyin dağıdanların banının döşəməsində uzunu boyunca 2 ədəd zəncirli tamasalı nəqletdirici yerləşdirilir. Nəqletdirici zəncirin üzərində bərabər məsafələrdən bir yerləşmiş ramasa-lövhəciklər peyini dağıdıcıya tərəf yönləndirir (Şəkil 4.10). Nəqletdirici banın arxasına doğru hərəkət etməklə üzərindəki tamasalar peyini peyin dağıdan işçi orqana fasiləsiz verilməsini təmin edir.
4.1.10. Səpələyici şnekləri üfüqi yerləşmiş peyin dağıdan maşın
Peyin səpələyən işçi orqan banın arxasında üfüqi vəziyyətdə yerləşdirilir (Şəkil 4.11). Bu tip işçi orqan peyini xırdalayaraq aqreqatın arxasınca səpələyir. Şaquli yerləşmiş işçi orqanlı peyindağıdanlarla müqayisədə bu texnika peyin daha böyük endə səpələyə bilir.
4.1.11. Kombinə edilmiş işçi orqanlı peyin dağıdan maşın
Bəzi firmalar üfüqi dağıdıcı qurğu ilə diskli səpələyici işçi orqanları kombinə edilmiş variantda tətbiq edirlər. SİP firmasının dağıdıcı qurğusu kombinə edilmişdir, məqsəd peyinin daha dəqiqliklə bərabər və böyük en götürümdə səpilməsini təmin etməkdir (Şəkil 4.12). |