5.3. Diskli malalar
Diskli malalar şumdan sonra yaranan iri kəltənli sahələrdə kəltənlərin dağıdılması, əzilməsi, torpağın 12-15 santimetr dərinlikdə yumşaldılması və sahənin səpin üçün hazırlanması məqsədi ilə istifadə edilir. Diskli malalar torpağı səpinqabağı becərmədə istifadə edilir. Adi diskli malaların işçi orqanları-diskləri bir sırada və iki sırada düzülə bilir (Şəkil 5.11).
5.3.1. Diskli malaların işçi orqanları
Diskli malaların işçi orqanları sferik disklərdır. Torpağın sıxlaşma vəziyyətindən, alaqlı olmasından və bərkliyindən asılı olaraq müxtəlif formalı disklər tətbiq edilir (Şəkil 5.12). İspaniyanın Belota firması müxtəlif formalı disklər istehsal edir.
5.3.2. Diskli malanın işçi orqanının forma və ölçüləri
Diskli malanın işçi orqanı xüsusi forma və ölçüyə malikdir. Disklərin sferikliyi 374 millimetr radiuslu qövsdür. Torpağı kəsən hissədə sferik qövsə toxunan xətlə diskin düz hissəsi arasında 40 dərəcəlik bucaq əmələ gəlməlidir. Diskin diametri təyinatından asılı olaraq 500-660 millimetr arasında dəyişir. Disklər təyinatından asılı olaraq 5-6,5 santimetr qalınlığa malik olur (Şəkil 5.13). |