Pambığın yığılması ən çox zəhmət tələb edən işdir. Böyük sahələrdə pambığın kombaynla yığılması əlverişlidir. Pambıq yığan kombaynlar 60, 76 və 90 santimetr cərgəarası ilə səpilmiş pambığın yığılmasında istifadə edilir. Kombaynlar 2, 4, 6 cərgəli işçi orqanlı olur.
Johh Deere, Case firmaları pambıqyığan kombaynlar istehsal edir. Belorusiyada və Özbəkistanda traktorla aqreqatlaşan qoşma pambıq yığan maşın istehsal edilir.
7.2.1. JD 9970 markalı 4 cərgəli özüyeriyən pambıq yığan kombayn
Respublikanın təsərrüfatlarında ABŞ-ın John Deere firmasının istehsal etdiyi 4 və 6 cərgəli pambıq yığan kombaynlar istifadə edilir. 4 cərgəli JD 9970 markalı və 6 cərgəli özüyeriyən pambıq yığan kombaynlar ən çox istifadə edilir. Bu kombaynlar pambıq becərilməsi ilə məşğul olan “MKT İB”, “CTS-Agro” MMC, “Şamo” MMC və başqa təsərrüfatlara lizinq yolu ilə verilmişdir. JD 9970 markalı 4 cərgəli özüyeriyən pambıq yığan kombayn şəkil 7.42-də təsvir edilmişdir.
7.2.2. JD 9970 markalı 4 cərgəli özüyeriyən pambıq yığan kombaynın texnoloji iş prinsipi
JD 9970 markalı 4 cərgəli özüyeriyən pambıq yığan kombaynın texnoloji iş prinsipi şəkil 7.43-də verilmişdir. Kombaynın bölmələri cərgəyə yönəldilir. Bölmələrin yığıcı valları öz oxu ətrafında fırlanır. Kombayn sahədə irəli hərəkət etdikdə pambıq kolları bölmələrə daxil olanda fırlanan barmaqlı yığıcılar pambıq qozaları üzərində açılmış ləçəklərini sarıyaraq götürür və arxadakı cüt barmaqlar əksinə fırlanaraq ləçəkləri açır, ventilyasiya sistemi onları sorub rezin borular vasitəsi ilə bunkerə atır. |