7.5. Rotorlu, seqmentli çarxqollu, diskli ot biçən maşınlar
7.5.1. Seqmentli bıçaqlı-barmaqlı asma tipli ot biçən
Ot biçən traktora asılır. En götürümü 2,1 metr təşkil edir. Yaşıl otu biçib torpağa qoyur.
Nəqliyyat vəziyyətində otbiçənin gövdəsi qaldırılır və şaquli vəziyyətdə bərkidilir (Şəkil
7.63).
7.5.2. Seqmentli bıçaqlı-barmaqlı ot biçənin seqmentli bıçağı
Otbiçənin əsas işçi orqanı onun bıçağı və barmaqlarıdır. Bıçaqlar seqment formalıdır, hər iki yanı dişli hazırlanır, kəsəndir. Barmaqların arasında irəli geri hərəkət etməklə arada qalan ot gövdələrini kəsir (Şəkil 7.64).
7.5.3. Seqmentli bıçaqlı-barmaqlı ot biçənin əks kəsici barmağı
Barmağın seqmentli bıçaqla təmasda olan kəsən hissəsi hər iki tərəfdən dişlidir, bıçaqla görüşmə anında ot gövdəsi kəsilir (Şəkil 7.65). Otbiçənin qoluna bərkidilir.
7.5.4. KSU-1 özüyeriyən quru otbiçən
Texnika çatışmazlığından, təbii-iqlim şəraitindən asılı olaraq yaşıl otu vaxtında biçə bilmədikdə KSU-1 özüyeriyən otbiçənlə qurumuş otu da biçmək mümkündür. Eyni zamanda qeyri bərabər yetişmiş taxılı və kombayn kifayət etmədikdə yetişməyə 3-5 gün qalmış taxılı biçib tirəyə qoymaq mümkün və əlverişlidir (Şəkil 7.66). Özüyeriyən ot biçən həmçinin dənli paxlalı bitkiləri də biçib tirəyə qoyur. |