1.2.6. Torpağın vərdənə ilə sıxlaşdırılması
Vərdənələmənin məqsədi torpağın üst səthini sıxlaşdırmaq, torpaq səthindəki xırda topacıqları əzmək, səpiləcək toxumun torpaqla yaxşı təmasda olmasını təmin etməkdir. Adətən səpinqabağı vərdənələr həlqəvi mahmızlı olur. Həlqəvi-mahmızlı vərdənə ilə sıxlaşdırma torpağı narın xırdalayır, sıxlaşdırır, hamarlayır, nəmliyin saxlanmasını təmin edir (Şəkil 1.21).
1.2.7. Səpin ləklərində aqreqatın hərəkət
üsulunun seçilməsi
Ləkdə aqreqatın hərəkəti məkik hərəkət üsulu ilə yerinə yetirilir. Aqreqatın gedişləri ardıcıl olur. Məkik hərəkət üsulu ilə aqreqatın işləməsi üçün ləkin uzun tərəfi (Şəkil 1.22, L) boyunca hər iki başda aqreqatın dönməsi üçün dönmə zolaqları (Şəkil 1.22, E) ayrılır.
1.2.8. Ləklərin ölçülərinin müəyyən edilməsi
Səpin aparılacaq sahə aqreqatın en götürümünün misillərinə bərabər ləklərə ayrılmalıdır (ləklərin eni şəkil 2.5.-də C ilə işarə edilmişdir) ki, aqreqat bir neçə gedişdə ləki tam səpə bilsin. Ləkin səthində saman və başqa bitki qalıqları olmalı deyil, daş, kəsək, ağac kökü qırıntıları kənarlaşdırılmalı, çuxur və şırımlar doldurulmalı, səth düzləndirilməlidir. Ləkin sonlarında nəzarət şırımı ilə dönmə zolaqları (Şəkil 1.23., 1) ayrılmalıdır. Şəkil 1.23-də sürümün uzun tərəfinin hər iki başında E məsafəsi ilə ayrılmış zolaq dönmə zolağıdır. Şəkildə 2 rəqəmi ilə işarələnmiş xətt aqreqatın hərəkət istiqamətini göstərir. Dönmə zolağının eni aqreqatın ən azı en götürümündən 2 dəfə çox olmalıdır ki, aqreqat rahat dönə bilsin. |