Kənd təsərrüfatı bitkilərinin becərilməsi prosesində bitkilərin toxumlarının səpilməsi, əkilməsi mühüm əhəmiyyət kəsb edən aqrotexniki əməliyyatlar hesab edilir.
Hər bir bitkinin aqrotexnikasında bitki toxumlarının səpini və əkilməsinə bəzi aqrotexniki tələblər müəyyən edilmişdir. Səpin və əkin prosesində bu aqrotexniki tələblərə mütləq əməl edilməlidir. Bitkinin xüsusiyyətindən, aqrotexnikasından asılı olaraq müxtəlif səpin üsulları tətbiq edilir.
Aqrotexniki tələblər əsasında səpin və əkin texnoloji əməliyyatlarını yerinə yetirən müvafiq kənd təsərrüfatı maşınları vardır. Bu maşınlar toxum səpən və əkən maşınlar adlanır. Məsələn taxıl bitkilərinin toxumunun səpilməsi üçün taxıl toxumu səpən maşınlardan istifadə edilir. Dənli bitkilərin, o cümlədən taxıl bitkilərinin toxumları cərgəli səpin üsulu ilə, tirəli səpin üsulu ilə səpilir.
Cərgəarası becərilən bitkilərin, məsələn, pambığın, şəkər çuğundurunun, qarğıdalının, günəbaxanın və başqalarının toxumları yuvalı, kvadrat-yuvalı, qarışıq səpin üsullarından istifadə edilməklə səpilir.
Tərəvəz bitkiləri həm toxumun səpilməsi və həm də şitillərinin əkilməsi ilə becərildiyindən müxtəlif texnologiyaya uyğun olaraq maşınlardan istifadə edilir.
Pomidor, badımcan, bibər, kələm və s. bitkilər əsasən şitillərin əkilməsi ilə yetişdirilir və becərilir.
Bəzi tərəvəz və bostan bitkiləri toxumun səpilməsi ilə yetişdirilir və becərilir.
Kartof bitkisinin yumruları torpağa basdırılmaqla yetişdirilir və becərilir.
Bir və çoxillik ot və yem bitkiləri qarışıq səpin üsulunda səpilməklə yetişdirilir.
Çoxillik meyvə, üzüm və tut bitkilərinin tingləri və çilingləri əvvəlcədən hazırlanmaqla və çıxarılaraq əkilməklə yetişdirilir və becərilir.
Bütün hallarda bitkilərin toxumlarının səpilməsi, şitillərin əkilməsi, yumruların basdırılması üçün səpən və əkən maşınlar mövcuddur. Bu bölmədə toxumların səpilməsi və əkilməsində istifadə edilən kənd təsərrüfatı texnikası haqqında, onların quruluşu, iş prinsipi və istifadə edilməklə səpin və əkinin yerinə yetirilməsi məsələləri ilə tanış olunacaq müvafiq biliklər, bacarıq və vərdişlər əldə edəcəyik.
Müxtəlif kənd təsərrüfatı bitkilərinin səpini üçün ləklərin hazırlanmasında ümumi və fərdi xüsusiyyətlər vardır. Taxıl bitkiləri üçün sahənin-ləkin hazırlanması əsasən eyni xarakter daşıyır.
İstisna olaraq çəltik bitkisinin səpilməsi fərqlidir. Respublikanın bir neçə rayonunda Lənkəran, Astara, Ağdaş, Yevlax və başqa rayonlarda çəltik yetişdirilir.
Çəltik bitkisinin suya tələbatı çox olduğu üçün hazırlanmış ləklər su ilə doldurulur.
Göründüyü kimi səpin aparılması seçilir və xüsusi texnologiya üzrə aparılır.
Cərgə arası becərilən bitkilər üçün səpin ləklərinin hazırlanması da əsasən eyni xarakterlidir.