Pambıq bitkisinin çiyidinin səpilməsinin xüsusi tələbləri var. Torpaq payızda şumlanır, ikinci dəfə qışda şumlanır və arat suyu ilə suvarılır. Torpaq arat edilir. Torpaqda nəmliyin saxlanması üçün səthi çizelləmə aparılır ki, nəmlik saxlanılsın. Buna el arasında artın qaçması da deyilir. Şəkər çuğundurunun əkilməsi üçün ləklər ümumi qaydada hazırlanır. Kartofun basdırılması üçün ləklərin hazırlanmasında cərgəarası becərilən bitkilərin hamısı üçün xarakterik olan qovuşuq cərgəarasının düzgün qoyulmasıdır. Ləklərin səpin üçün hazırlanmasında əsas işlərdən biri ləkin aqreqatın hərəkəti üçün hazırlanmasıdır. Sahədən aqreqatın gündəlik iş normasına kifayət edən lək ayrılmalıdır, bu ləkin eni (Şəkil 2.1., C) və uzunu (L) ilə müəyyən edilir. Ləkin əsas işçi hissəsi ilə dönmə zolağı nəzarət xətti (K-K) ilə ayrılır. Aqreqatın sahədə hərəkət üsulu seçildikdən sonra , aqreqatın kinematik eninə görə ləkin uzun tərəfindən (L) hər iki başından dönmə zolağı (E) ayrılır və ləkin işçi uzunluğu (l) əldə edilir. Aqreqatın birinci gedişinin izi (A-A) işarələnir.
2.2. Bitki toxumlarının səpilməsi
2.2.1. Səpinə qoyulan aqrotexniki tələblər
Hər bir bitkinin toxumunun səpini əlverişli və qısa aqrotexniki müddətlərdə aparılmalıdır. Səpinin bu müddətdə aparılmasından bitkinin məhsuldarlığı asılıdır. Əgər toxum qoyulmuş aqrotexniki müddətdən gec əkilərsə onda bitkinin vegetasiya müddətinin başa çatması da gecikəcək və məhsulun formalaşması və yetişməsi müddəti gecikdiyindən gözlənilən məhsulu əldə etmək mümkün olmayacaqdır. Bu zaman itirilən məhsul itkisi gözlə görünmür və bioloji itki hesab edilir. |