2.3.3. Toxum səpən maşının toxum qutusuna toxumun doldurulması
Toxum səpən maşının toxum qutusuna toxumun doldurulması əl ilə və ya xüsusi avadanlıqlaşdırılmış toxum dolduran maşın vasitəsi ilə yerinə yetirilir. Sahənin ölçülərindən asılı olaraq doldurma üsulu seçilə bilər. Əgər fermerin sahəsi kiçikdirsə, onda mürəkkəb quruluşlu və baha maşının alınmasına vəsait sərf edilməsi iqtisadi baxımdan məqsədəuyğun deyil. Adi halda toxum torbalarda olur. Belə daşımaq asan olur, itkiyə yol verilmir. Doldurma sahənin bir və ya hər iki başında aparıla bilər bu sahənin uzunluğundan asılıdır. Toxum torbalarının yığıldığı nəqliyyat vasitəsi, avtomobil və ya traktor qoşqusu cərgənin başında səpən aqreqata yaxınlaşır və köməkçi işçi torbalardakı toxumu səpən maşının toxum qutusuna boşaldır (Şəkil 2.9). Burada toxumu səliqəli tökmək lazımdır ki, yerə tökülməsin.
2.3.4. Toxum səpən maşına mineral gübrənin tökülməsi
Əksər hallarda toxum səpini zamanı toxumla birlikdə torpağa mineral gübrə də verilir. Eyni zamanda toxum səpən maşına toxumla birlikdə səpənin gübrə qutusuna mineral gübrə də doldurulur (Şəkil 2.10). Mineral gübrə də sahənin kənarında torbalarda saxlanılır. Nəqliyyat vasitəsi toxum səpən aqreqata yaxınlaşaraq gübrəni gübrə qutusuna tökür. Bu zaman mineral gübrənin gübrə qutusunda bərabər səviyyədə olmasına çalışmaq lazımdır. Gübrələr dənəvər olduğu üçün nəmlənə və gübrə qutusunda topalana bilər. Səpin zamanı köməkçi işçi buna nəzarət etməlidir və belə hal olarsa topalanan gübrəni dağıtmalıdır. |