2.3.16. Qovuşuq cərgəaralarının yoxlanması
Qovuşuq cərgəarası məsafə sahədən səmərəli istifadə edilməsi, cərgəarası becərilən bitkilərdə cərgəaralarının becərilməsi zamanı bitkilərin zədələnməməsi üçün əhəmiyyətlidir. Odur ki, səpin vaxtı qovuşuq cərgəarası məsafənin əldə edilməsi üçün diqqətli olmaq lazımdır. Aqreqatın iki ardıcıl gedişləri arasında yaranan qovuşuq cərgələrin ara məsafəsi yoxlanılır. Şəkil 2.25-də qovuşuq cərgəarası məsafə göstərilmişdir. Göründüyü kimi qovuşuq cərgəarası məsafə o biri cərgələrdən enlidir. Bu yol verilməzdir.
2.3.17. Cərgələrdə toxumların basdırılma dərinliyinin yoxlanması
Cərgələrdə toxumların basdırılma dərinliyi yoxlanılır. Sahədə diaqonal boyunca üç yerdə toxumların basdırma dərinliyi yoxlanılmalıdır (Şəkil 2.26.). Bunun üçün cərgədə bir neçə santimetr məsafədə toxumların üstünü açıb, xüsusi xətkeşlə toxumların düşdüyü dərinlik ölçülür. Aqrotexnika üzrə qoyulmuş meyletməyə uyğunluq yoxlanılır. Belə ki, toxumun basdırılma dərinliyindən aşağı yuxarı 1 santimetr meyl etməyə yol verilirsə müəyyən edilmiş faktiki meyletmə bu qədər olmalıdır. Meyletmə çox olarsa toxumların cücərmə keyfiyyəti pisləşəcək, az olduqda isə toxumların bitmə faizi aşağı düşəcək. Səpin seyrək alınacaq.
Fərqli dərinlikdə basdırılmış toxumun inkişafında hansı fəsadlar ola bilər?
Müxtəlif dərinlikdə basdırılmış toxumların inkişafı fərqli olur (Şəkil 2.27). Torpağa basdırılmayan toxumlar məhv olur. Zəif cücərtilər məhsula düşmür. Vegetasiya dövründə dərin və dayaz basdırılmış toxumların əksəriyyəti məhv olur. |