2.3.19. Mexaniki cərgəli toxum səpən maşın
Qarğıdalı və digər cərgəarası becərilən bitkiləri yuvalı üsulda səpmək üçün asılan dəqiq səpən pnevmatik və mexaniki toxum səpən maşınlardan istifadə edilir. Türkiyənin Cansa firmasının lifli pamdıq və qarğıdalı toxumu səpmək üçün istehsal etdiyi mexaniki cərgəli toxum səpən şəkil 2.34-də verilmişdir. Bu texnika respublikamızda geniş istifadə edilir.
2.3.20. Pnevmatik cərgəli toxum səpən maşın
Türkiyənin CANSA firmasının istehsal etdiyi Cansa B-600P modelli 6 cərgəli gübrəsəpənli pnevmatik dəqiq qarğıdalı və lifsiz pambıq çiyidi səpən maşını respublikada geniş istifadə edilir (Şəkil 2.35) Pnevmatik toxum səpən maşının hərəkət tələb edən işçi orqanları traktorun GAV-dan hərəkətə gətirilir. Toxum səpən maşın toxum qutusundan, gübrə qutusundan, cığıraçanlardan, toxum və gübrə borularından, pnevmatik sistemdən, üstörtənlərdən, markerlərdən və çərçivədən ibarətdir.
2.3.21. Aqreqatın sahədə işi
Adətən bitki toxumlarının səpini məkik hərəkət üsulu ilə yerinə yetirilir. Toxum səpən maşınlarda hər hərəkətində növbəti gedişi istiqamətləndirmək üçün marker quraşdırılır. Markerdən istifadə etməklə aqreqatın növbəti gedişinin yeri müəyyən edilir və qovuşuq cərgəarasının eni növbəti gedişlə tamamlanır. Məsələn, NEW HOLLAND T-4050 və ya Gəncə AZİB-nin Belarusiya ilə birgə istehsal etdiyi Belarus 80X traktorları ilə aqreqatlaşdırılır (Şəkil 2.36). Aqreqatın iş rejimi-işçi hərəkət sürəti 7-9 kilometr/saat olmalıdır. |