Kənd təsərrüfatı ən çox zəhmət tələb edən sahədir. Bu zəhmətin böyük hissəsi kənd təsərrüfatı bitkilərinin becərilməsinin payına düşür. Kənd təsərrüfatını texnikasız təsəvvür etmək mümkün deyil. Yəni bitkilərin becərilməsində istehsalat proseslərinin mexanikləşdirilmə vasitələri ilə yerinə yetirilməsi əl əməyinin azaldılmasına səbəb olur. Hər bir bitkinin becərilməsində əməliyyatların maşın və avadanlıqlarla yerinə yetirilməsi önəmlidir. Bir aqrotexniki əməliyyat üzrə gün ərzində 15-20 nəfər işçinin əllə yerinə yetirdiyi işi bir nəfərin idarə etdiyi traktor və maşınla yerinə yetirmək mümkündür. Bu iqtisadi baxımdan sərfəlidir. Lakin texnika torpaqda nə qədər hərəkət edirsə onun ağırlığından torpaq bir o qədər sıxlaşır. Torpağın sıxlaşması onun strukturunun dəyişməsinə səbəb olur. Strukturun dəyişməsi isə bitkilərin inkişafın müəyyən çətinliklər törədir. Bu çətinliklərin aradan qaldırılması üçün müəyyən tədbirlər həyata keçirilir. Bu bölmədə qeyd edilən məsələlər öyrəniləcəkdir.
3.1. Torpağın maşınla becərilməsinin strukturuna olan təsirləri
Traktor, kombayn, aqreqat, nəqliyyat vasitələri və digər texnika tarlada bir neçə dəfə hərəkət etməli olur. Aqreqatın torpaqla təmasda olan hissələri özündən sonra müəyyən iz qoyur. Bu iz texnikanın ağırlığından torpağa ötürülən təsirin nəticəsində əmələ gəlir. Bu iz torpağın sıxlaşdığını göstərir (Şəkil 3.1). Yadda saxlayın ki, torpaq becərən zaman aqreqat tarlada hərəkələri zamanı traktorun və işçi maşının ağırlığı ilə torpağı sıxlaşdırır, becərilən bitkinin zərif çıxışlarını zədələyir (Şəkil 3.2). |