Tırtıllı hərəkət etdirici müəyyən tarımlığa malik olmalıdır. Bu göstərici tırtılın üst hissəsində iki tutucu diyircək arasında tırtılın sallanma məsafəsi ilə müəyyən edilir (Şəkil 3.23). Vaxtaşırı olaraq tırtılın sallanması, yəni tarımlığı yoxlanılır. Bunun üçün diyircəklərin üstündə tırtılın üstünə (1) düz taxta parçası qoyulur. Onun alt hissəsindən tırtılın sallandığı yerdə üstdən ən yaxın hissəsinədək olan məsafə xətkeşlə (2) ölçülür. Bu məsafə tırtılın tarımlığını göstərir.
3.3.6. Tırtıllı hərəkət etdiricinin tarımlığının nizamlanması
Tırtılın tarımlığı onun sallanması ilə müəyyən edilir. Tutucu diyircəklər arasında tırtılın sallanma məsafəsi normal halda 3-5 santimetr olmalıdır. Normadan çox olduqda tırtılın tarımlığı istiqamət verici təkərin traktorun çərçivəsinə nəzərən yeri (B) qabağa, az olduqda isə geriyə çəkilməklə nizamlanır. |
Tarımlıq tırtılın aparan ulduzcuqla istiqamətverici təkər arasında normal, müqavimətsiz hərəkət etməsi və tırtılın altına iri maneə düşdükdə asanlıqla keçə bilməsi üçün lazımdır.
Tırtılın altına maneə düşəndə tırtıl onun üzərinə çıxır və o dartılır (Şəkil 3.25). Əgər tırtıl həddindən çox tarım olsa onda traktorun qabaq və ya arxa tərəfi torpaqdan aralanacaq, torpaqla ilişmə zəifləyəcək. Bu isə traktorun hərəkətini çətinləşdirir.
Tırtıl norma daxilində boş olanda isə diyircəkli yasqıların birləşdirici yayların sıxılması hesabına tırtıl torpaq səthində ilişmədən ayrılmır, traktorun hərəkəti davam edir.