Nasosun dəstəyini əllə hərəkətə gətirərək karbüratorun üzgəcli kamerasını yanacaqla doldurmalı. Şüşə borucuğu elə qoymaq lazımdır ki, onun yuxarı ucu karbüratorun gövdəsinin qapaqla birləşdiyi yerdən yuxarıda dursun. Borucuqdakı yanacağın səviyyəsi ilə karbüratorun birləşməsi müstəvisi arasındakı məsafə 18-19 mm olmalıdır.
Əgər üzgəcli kamerada yanacağın səviyyəsi tələb edildiyindən yuxarı, yaxud aşağıdırsa, üzgəc linginin dayaq lövhəsini bu, yaxud digər tərəfə əyməklə və ya iynəli klapanın yəhəri altındakı araqatın qalınlığını dəyişməklə nizamlama aparmaq mümkündür.
3.1.3 Havanın təmizlənməsi
Yanıcı qarışıq yanacaqla havanın müəyyən nisbətdə qarışığından əmələ gələn bircinsli məhsuldur. Yanıcı qarışığa lazım olan hava mütləq qaydada mexaniki qarışıqlardan təmizləndikdən sonra karbüratora daxil olmalıdır. Hava təmizlənməzsə, işləyən mühərrikin silindr divarlarının, porşenlərin və porşen üzüklərinin yeyilib sıradan çıxmalarına səbəb ola bilər. Odur ki, havanın təmizlənməsi üçün hava süzgəclərindən istifadə edilir. Hava süzgəci karbüratorun üzərinə bərkidilir. Daha əvvəllər istehsal olunmuş texnikalarda ətalətli hava süzgəcləri tətbiq edilirdi. Müasir texnikalarda daha çox quru hava filtrlərindən istifadə edilir. Bu filtrlər havanı mexaniki qarışıqlardan yüksək dərəcədə təmiz təmizləyir. Zaman keçdikcə hava filtri tutub saxladığı mexaniki qarışıqlarla kifayət qədər çirkləndiyindən onlar öz funksiyalarını tam yerinə yetirmir. Çirklənmənin həddən çox olması havanın sorulmasına müqavimət göstərir. Filtrin bu vəziyyəti barədə sürücü öz salonunda cihazlar blokunda quraşdırılmış datçikdən məlumat alır. Belə olduqda texnikanın istismarı dayandırılmalı və hava filtrinin təmizlənməsi mümkündürsə, təmizlənməli, təmizləmək mümkün olmadıqda, yenisi ilə əvəz edilməlidir.