Kənd təsərrüfatında əsas təhlükəsizlik qaydaları maşınlarla, mexanizmlərlə, alətlərlə və maşınlara texniki xidmətdə istifadə olunan tərtibatlarla, yanacaq-sürtkü materialları ilə və s. işlədikdə yerinə yetirilən işlərin tam təhlükəsiz, insan sağlamlığına zərər vurmadan, ətraf mühiti çirkləndirmədən yerinə yetirilməsi anlaşılır.
Kənd təsərrüfatının mexanizatorunun iş zamanı müdafiəsini təmin etmək üçün xüsusi geyimlər, xüsusi ayaqqabılar, iş əlcəkləri, təhlükəsiz iş şəraiti və digər vasitələr nəzərdə tutulmuşdur. Bütün kənd təsərrüfatı müəssisələri, fermer təsərrüfatları işçilərini bu cür vasitələrlə və təhlükəsiz iş şəraiti ilə təmin etdikdən sonra işə buraxmalıdır.
Təhlükəli amillərdən biri yanğınlar hesab edilir. Yanğınların səbəbləri, əsasən, açıq alovdan istifadə qaydalarının pozulması, elektrik cərəyanından düzgün istifadə edilməməsi, traktorların, kombaynların yanğın təhlükəsizliyi təmin edilməyən yerlərdə işlədilməsi, qızdırıcı sistemlərdən istifadə qaydalarının pozulması, tikililərdə ildırım ötürücülərin quraşdırılmaması və s. amillərlə bağlıdır.
Odur ki, müəssisə işə başlayarkən ilk öncə yuxarıda adları qeyd olunan təhlükələrdən qorunmaq üçün, bu kimi amillərin qarşısını vaxtında almaqdan ötrü bir sıra tədbirlər həyata keçirilməlidir. Müəssisədə yanğın əleyhinə, hamının lazım olduqda çata biləcəyi yerlərdə hər cür avadanlıqla təchiz edilmiş yanğından mühafizə şkafları qurulmalı və işçilər vaxtaşırı bu avadanlıqlardan istifadə qaydaları haqda maarifləndirilməlidirlər. Tezalışan bitkilərin yetişdiyi və yığıldığı vaxtlarda onların yerləşdiyi ərazidə əvvəlcədən yanğın əleyhinə tədbirlər görülməli, yanğın söndürmə balonları doldurularaq hər zaman hazır vəziyyətdə saxlanılmalıdır.
B.6.2 İstehsalat sanitariyası və gigiyenası və ətraf mühitin mühafizəsi qaydalarına əməl edilməsinin təşkiliMüəssisələrdə sanitar-gigiyenik normalara daim nəzarət olunmalıdır. İnsan orqanizminə birbaşa təsir edən zərərli istehsalat faktorları: meteoroloji şərait, toz, qaz, zəhərli maddələr, buxar, səsin normadan artıq olması, silkələnmə, işıqlandırılma və s. ola bilər. Bu amillərin də qarşısının alınması istiqamətində müəssisə rəhbərləri maksimum çalışmalıdırlar.
Müəssisələr yalnız öz müəssisələrinin və bu müəssisələrdə çalışanların mühafizələri haqda düşünməli deyil, ümumiyyətlə, ətraf mühitin mühafizəsini pozacaq addımlardan çəkinməli və bu amili bir an belə yadlarından çıxarmamalıdırlar.