8.3. Bioqaz qurğularında istilik və elektrik enerjisinin alınması
Bioqazların ən sadə, ən geniş yayılmış əsas istifadə yeri qaz mühərriklərdir ki, onlar da elektrik generatoru ilə birlikdə elektrik cərəyanı istehsal etmək üçün istifadə edilir. Bəzən isə bioqaz mini istilik elektrik mərkəzlərində (f.i.ə.=87%) istilik və elektrik enerjilərinin birlikdə hasil edilmələri üçün işlədilir. Bu, əsasən, o şəraitdə mümkün olur ki, bərk məişət tullantıları atılan zibilliklərin yaxınlığında istilik tələbatçıları olsun. Bu zaman istilik tələbatçılarına mühərriklərin soyutma sistemində qızan istilikdaşıyıcısı nəql edilir. Hazırda biokütlələr ilə işləyən elektrik stansiyaları yanacaq kimi, əsasən, oduncaqdan, bitki tullantılarından, torf briketlərindən istifadə edirlər. Buxar turbinləri ilə təchiz olunan bu elektrik stansiyalarının f.i.ə. qiyməti adətən 25% ətrafında olur. Bu elektrik stansiyalarının gücləri müxtəlif olur, 4 kVt-dan 100 kVt-a qədər fermer təsərrüfatlarında və 100 MVt-a qədər isə sənaye miqyasında istifadə olunur. Kiçik güclü elektrik stansiyaları adətən biokütlələrin qazlaşdırılması qurğusu ilə təchiz olunur. Gücü 1 MVt-a qədər elektrik stansiyaları adətən ağac və meşə emalı tullantıları ilə işləyə bilir. Daha böyük güclər üçün isə xüsusi energetik plantasiyalardan istifadə edilir. Bu zaman həmin plantasiyalarda tezböyüyən ağaclar, məsələn, qovaq və ya söyüd əkilir.
Biokütlələrlə işləyən elektrik stansiyalarının adi elektrik stansiyalara nisbətən bəzi üstünlükləri var. Əvvəla, burada kömürün qazlaşdırılmasına nisbətən biokütlələrin daha sadə qazlaşdırma prosesindən istifadə edilir və bu da daha ucuz elektrik enerjisinin alınmasına səbəb olur. Bioyanacaqlar daha ekoloji təmiz yanacaq növü olduqlarından onların yandırılması zamanı ətrafa nisbətən az zərərli maddələr, məsələn, kükürd qazları atılır. Əgər poliqonların yaxınlığında isti su və buxar tələbatçıları varsa, onda proses lap sadələşir.