Yəni bu zaman bioqaz heç bir ilkin emal aparılmadan istilik generatorunda yandırıla bilər. İstilik tələbatçıları kimi poliqonların yaxınlığında böyük istixanalar yerləşdirmək mümkündür. Bioqazın mühərriklərdə və ya istilik generatorunda istifadəsi zamanı onun ilkin təmizlənməsinə çox vaxt ehtiyac olmur. Bu zaman bioqazın tərkibindən ancaq bərk hissəciklər və su buxarı xaric edilməlidir. Əgər poliqonların yaxınlığında isti su və buxar tələbatçıları yoxdursa, onda bioqazdan elektrik enerjisi alaraq qeyri-məhdud miqdarda elektrik şəbəkəsinə vermək olar.
8.4. Bioqaz qurğuları, onların qurulması və texniki təchizatı, idarə edilməsi
Bioqazı almaq üçün xüsusi stansiyalar tikilir ki, bunlar da sutəmizləmə qurğularının, kommunal tullantılarının atıldığı zibilliklərin və ya kənd təsərrüfatı müəssisələrinin, əsasən, heyvandarlıqla məşğul olan təsərrüfatların yaxınlığında tikilir. Hal-hazırda sənaye və kustar üsulla hazırlanmış bioqaz qurğularından istifadə edilir. Sənaye qurğularının kustar analoqlarından fərqləndirən cəhətlər onların mexanizasiyaya, qızdırıcı sistemlərinə, homogenizasiya və avtomatika qurğularına malik olmasındadır. Avropada geniş tətbiq edilən sadə bioqaz istehsal edən qurğunun prinsipial sxeminə nəzər salaq. Bu sistem 3 qonşu ailənin hər birinin 3 komfortlu qaz plitə və bir duxovkasını təbii qazla təmin edir. Fermentator diametri 4 m, dərinliyi 2 m olan (təxmini həcmi 21 m3) çalada taxtapuş dəmirindən quraşdırılır. Tikiş yerləri əvvəlcə elektrik, sonra isə qaz qaynağı ilə birləşdirlir. Anti-korroziya müdafiəsi üçün rezervuarın daxili hissəsi qatran ilə örtülür. Fermentatorun kənarında 1 m dərinliyə malik olan beton örtüklü dairəvi kanal inşa edilir. Su ilə doldurulmuş bu qurğu hidrosürgü rolunu oynayır.