Bunun üçün təbii körfəz dənizdən bənd və QES-in binası vasitəsilə ayrılır. Qabarma zamanı dəniz suyunun səviyyəsi onun körfəzindən ayrılmış suyun səviyyəsindən yuxarı, çəkilmə zamanı isə əksinə, körfəzdə olan suyun səviyyəsindən aşağı olacaq. Suyun səviyyəsinin belə dəyişməsi basqı yaradır və bu QES hidroturbinin işləməsində istifadə olunur. Bir çox dəniz körfəzlərində qabarma 10...12 m-ə çatır.
6.1. Su turbinləri və çarxlar
Suyun enerjisindən istifadə edilməsi sənaye miqyasında hidroturbinlərin (onlara bəzən hidravliki turbin, su turbini və ya rotasion mühərrik də deyilir) vasitəsilə SES-lərdə həyata keçirilir. Bu turbinlər suyun mexaniki enerjisini fırlanan valın enerjisinə çevirir. Suyun mexaniki enerjisi dedikdə isə, onun vəziyyətinin, təzyiqinin, sürətinin enerjisi başa düşülür. İş prinsipinə görə bu turbinlər aktiv və reaktiv olur. Enerji çevrilməsinin baş verdiyi əsas işçi orqan işçi çarxdır. Aktiv hidroturbinlərdə işçi çarxa su soplodan, reaktiv turbinlərdə isə istiqamətləndirici aparatdan verilir. Aktiv hidroturbinlərdə suyun işçi çarxın girişindəki və çıxışındakı təzyiqi atmosfer təzyiqinə bərabər olur. Aktiv hidroturbinlər Pelton, Turqo və ikiqat tipli olurlar. Bunlar çalovlu, çəp şırnaqlı və ikiqatlı hazırlanırlar. Reaktiv hidroturbinlərdə isə suyun işçi çarx qarşısındakı təzyiqi atmosfer təzyiqindən çox, ondan sonra isə atmosfer təzyiqindən çox və ya az ola bilər. Bu tiplərə Kaplan, horizontal oxlu propellerli və Frensis turbinlərini misal göstərmək olar. Bunlar dönər pərli, propellerli, diaqonal və radial oxlu olurlar. Hazırda radial oxlu dönən kürəkli və çalovlu hidroturbinlərdən elektrik enerjisinin hasil edilməsində geniş istifadə edilir. Kaplan turbinləri dönən pərli olub, gücü iki tərəfli tənzimlənir. Birinci tənzimlənmə istiqamətləndirici aparatın kürəklərinin, ikincisi isə işçi çarxdakı kürəklərin döndərilməsi ilə əldə edilir.