7.2 Broylerlər üçün yemin sərfiyyatı
Quşlara verilən yemlərin miqdarı onun tərkibində olan enerjinin konsentrasiyası və canlı kütlədən asılıdır. Belə ki, yem qarışığında enerjinin miqdarı artdıqca yeyilən yemin miqdarı azalır. Buna görə də təcrübədə tərkibində müxtəlif miqdarda enerji olan yem qarışıqlarından istifadə olunur. Təcrübə göstərir ki, günün işıqlı vaxtının uzunluğu yemin yeyilməsinə əhəmiyyətli təsir göstərir. Odur ki, cücələr yumurtadan çıxan kimi ilk gündən işıqlanma fasiləsiz olmalıdır ki, cücələr yemi asanlıqla tapa bilsin. Tədricən işıqlandırma gündə 23-20 saata qədər azaldılır. Lazım gələrsə, işıqlanma fasilələrlə dəyişə bilər. Təbii işıqlanma rejiminin dəyişməsi, xüsusilə payızda və qışda yemin yeyilməsi və kökəlməyə mənfi təsir göstərir. Cücələrin kökəldilməsi dövründə işıqlanmanın aşağı salınması qismən də olsa aqressivliyi və quşların bir-birini dimdikləməsi təhlükəsini sovuşdurur.
Qısa müddətli, yəni 6 həftəyə qədər kökəltmə zamanı cinsiyyətindən asılı olmayaraq fərə-broylerlərin və beçələrin inkişafında fərq o qədər də nəzərə çarpmır. Yemin qidalı maddələrinin mənimsənilməsinin təxminən bərabər olmasına baxmayaraq, fərələr az yem yediyinə görə gündəlik çəki artımları nisbətən aşağı olur. Kökəltmə müddəti uzadılan şəraitdə cavanların cinsiyyət mənsubiyyətinə görə ayrı saxlanması və fərələrə verilən yemin konsentrasiyasının bir qədər azaldılması mümkündür.
7.3 Broylerlərin qida maddələrinə olan tələbatı
Broylerlər üçün saxlayıcı yemin miqdarı ilk növbədə canlı kütlənin mübadilə enerjisindən asılıdır. Lakin bu, o halda sərfəli sayılır ki, ətraf mühitdə temperatur optimal həddi aşmasın və beləliklə, əlavə itkilərə yol verilməsin. Həyat fəaliyyətini tənzimləmək üçün hər kq canlı kütləyə 418 kilocoul normal sayılır. Bu boy artımına enerji tələbatı isə gündəlik diri çəkinin artması ilə uzlaşdırılmalıdır. Məsələn, yalnız 1 qr piy artımına 42 kilocoul, həmin miqdarda protein artımına isə 55 kilocoul enerji sərf olunur. Ancaq kökəltmə zamanı artım, piyin hesabına olduğundan bir günlük cücələrdə canlı kütlə artımına 12 kilocoul mübadilə enerjisi əvəzinə 5-6 həftəlikdə ehtiyac 20 kilocoul qədər artır.
Broylerlərdə sırf proteinə olan tələbat hər kq canlı kütləyə gündə 1,6 qr-a yaxındır. Gündəlik çəki artımından asılı olaraq zülalın payı 17-25 %-ə çatdırılır.