Xəstəliyin baş verməsində patogen mikrob əsas elementdir. Patogenlik mikrobun növ əlaməti olub, onun xəstəlik törətmə qabiliyyətinə deyilir və spesifik irsi xüsusiyyəti təşkil edir. Spesifiklik infeksion prosesin əsas xüsusiyyətlərindən biridir, yəni hər bir xəstəliyin özünəməxsus törədicisi olmalıdır.
Mikrobun patogenlik, yəni xəstəlik törədici əlaməti irsi xarakter daşıyaraq nəsildən-nəsilə verilir. Ancaq mikrobun patogenlik qabiliyyəti sabit bir əlamət olmayıb, şəraitdən asılı olaraq zəifləyir və ya güclənir. Mikrobun patogenlik dərəcəsi virulentlik (zəhərli) adlanır.
Patogen mikrobların virulentlik dərəcəsini artırmaq və ya azaltmaq mümkündür. Virulentliyi zəif olan mikrobların bu xüsusiyyətini artırmaq üçün onu münasib qida mühitində yetişdirmək, xəstəlik törədicisini həssas heyvan və ya quş orqanizmindən bir neçə dəfə keçirtmək lazımdır. Əksinə virulentliyi yüksək olan mikrobları onun üçün əlverişli olmayan qida mühitində yetişdirdikdə onların virulentliyi zəifləyir.
Mikrobların patogenlik dərəcəsini müəyyən etmək üçün virulentlik vahidi təyin olunub, buna da ən kiçik ölüm dozası deyilir. Yəni təcrübə heyvanlarının 80%-ni öldürən mikrobun ən kiçik dozası minimum ölüm dozası adlanır.
8.1 .Mikroorqanizmlərin quş orqanizmində yayılması yolları və infeksiyanın növləri
Hər hansı bir infeksion xəstəliyin yoluxması həmin xəstəlik törədicinin spesifik təsiri və orqanizmin cavab reaksiyası ilə təyin olunur ki, bu da xarici mühit şəraitindən asılıdır.
Patogen mikroorqanizmin orqanizmə daxil olduğu yer infeksiyanın giriş yolu adlanır. Dəri, konyunktiva, həzm və tənəffüs orqanları və sidik- cinsiyyət orqanları, embrion dövründə isə embrion qişaları infeksiya törədicilərinin giriş yolları hesab olunur.
Təkamül dövründə hər bir xəstəlik törədicisi özünün çoxalması və yayılması üçün əlverişli giriş yoluna malik olmuşdur. Xəstəlik törədicisinin orqanizmə daxil olma yollarına görə-alimentar, aerogen, yara, kontakt və sair infeksiya növləri mövcuddur. Əgər mikroorqanizmin orqanizmə daxil olma yolu müəyyən edilməyibsə, belə infeksiya qeyri-müəyyən infeksiya adlanır.