İnfeksiya törədicisinin yem və su vasitəsi ilə həzm orqanlarına düşməsi nəticəsində baş verən infeksiyaya alimentar infeksiya deyilir. Əgər infeksiyanın baş verməsi havanın tənəffüs üzvlərinə düşməsi ilə əlaqədardırsa, belə infeksiya aerogen, yaxud respirator infeksiya adlanır. Xəstə heyvan və ya quşların sağlam heyvan və quşlarla kontaktı yolu ilə baş verən infeksiyalara kontakt infeksiyalar deyilir.
Əgər spesifik xəstəlik törədicisi heyvan və ya quş orqanizminə xarici mühitdən daxil olursa, belə infeksiya ekzogen infeksiya adlanır. Əgər müəyyən amillərin təsirindən makroorqanizmin ümumi rezistentliyi, yəni dözümlülüyü aşağı düşərsə və bu zaman orqanizmdə potensial patogen mikrobların fəallaşması nəticəsində infeksiya baş verirsə, buna endogen, yaxud autoinfeksiya deyilir.
Yalnız bir mikrob növünün təsirindən baş verən infeksiyaya sadə və ya monoinfeksiya, bir neçə növ mikrobun orqanizmə daxil olması ilə yaranan infeksiyaya assasiativ infeksiya deyilir. Eyni vaxtda bir heyvan və ya quş növündə iki müxtəlif xəstəliyin baş verməsinə qarışıq infeksiya deyilir.
İnfeksion xəstəliyin ləğvi və orqanizmin həmin xəstəliyin törədisindən azad olduqdan sonra yenidən həmin mikrobla yoluxması baş verirsə, bu, reinfeksiya adlanır. Əgər mikrob orqanizmdən azad olmadan həmin mikrob növü ilə yenidən yoluxursa, buna superinfeksiya deyilir. Kliniki sağalmadan sonra infeksion xəstəliyin yenidən təkrarlanması və kliniki əlamətlərin meydana çıxmasına residiv deyilir.
8.2 İnfeksiyanın baş verməsi və inkişafında makroorqanizmin
və xarici mühit amillərinin rolu
İnfeksiyanın inkişafı və nəticəsi yalnız orqanizmə daxil olmuş patogen mikrobun virulentlik dərəcəsi və miqdarından yox, həmçinin heyvan orqanizminin ümumi davamlılığı və xarici mühit şəraitindən də asılıdır. Xüsusilə heyvan və quşların növ, cins, yaş və fizioloji xüsusiyyətləri bu cəhətdən böyük əhəmiyyətə malikdir.