Sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətində atılan əhəmiyyətli addımlar, onların hüquqlarının müdafiəsinin işlək mexanizmlərinin yaradılması və tətbiqi sahibkarlıq subyektlərinin fəaliyyət miqyasını xeyli dərəcədə genişləndirən əsas faktorlardandır.
Dünyanın bir çox ölkələrində də quşçuluq sənayesi kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində aparıcı yer tutur. Bu sahə əhalini yüksək keyfiyyətli pəhriz məhsulları, sənayeni isə emal üçün xammal ilə təmin edir. Quşçuluq heyvandarlığın ən tez yetişən və gəlirli sahələrindən biridir. Ona görə də bu sahəni inkişaf etdirməklə qısa müddətdə ət və yumurta kimi qiymətli yeyinti məhsullarının miqdarını sürətlə artırmaq və əhalinin həmin məhsullara olan tələbatını ödəmək mümkündür. Respublikamızda quşçuluğun inkişaf tarixindən və onun səciyyəvi xüsusiyyətlərindən görünür ki, əhali bütün dövrlərdə bu sahənin inkişaf etdirilməsinə, məhsuldarlığın yüksəldilməsinə, mövcud olan cinslərin təkmilləşdirilməsinə xüsusi diqqət yetirir. Quşçuluqda yeyinti məhsullarından başqa, sənaye üçün xammal və kənd təsərrüfatı üçün üzvi gübrə (quş peyini) də alınır. Başqa növ heyvanlarla müqayisə etdikdə görünür ki, quşçuluqdan alınan yeyinti məhsulları həm daha tez, həm də ucuz başa gəlir.
Müasir dünyada baş verən qlobal istiləşmə mühüm ərzaq məhsullarına tələbatı da artırır. Artıq dünyanın inkişaf etmiş əksər ölkələri insan orqanizmi üçün mühüm - daha tez zülal yarada bilən məhsulların istehsalını əsas hədəfləri olaraq müəyyənləşdiriblər. Belə məhsullardan biri də yumurta və quş ətidir. Yumurta məhsulunda zülal 1, quş ətində isə 30-35 gün ərzində formalaşır. Quşçuluğun belə gəlirli və əlverişli sahə olmasına baxmayaraq, sovet rejimi dağıldıqdan sonra bu sahə də geridə qalmış və özbaşına buraxılmışdı. Müstəqillik əldə etdikdən sonra respublikada fəaliyyətsiz qalan, bəzi quşçuluq fabrikləri tam gücü ilə olmasa da, məhsul istehsalına başladı. Bir müddətdən sonra yeni broyler təsərrüfatları yaranmağa başladı.
1.2 Quşçuluq məhsullarının maya dəyərinə təsir edən amillər
Respublikada quşçuluğun inkişaf etdirilməsi üçün real şərait, təcrübə və tarixi ənənələr mövcuddur. Lakin ölkədə mövcud olan quşçuluq təsərrüfatlarının əksəriyyəti tam gücü ilə işləyə bilmir. Burada əsas problemlərdən biri məhsul istehsalının maya dəyərinin baha başa gəlməsidir.