Onun səmərəli spesifik müalicəsi yoxdur. Xəstəliyi keçirmiş quşlar uzun müddət virusu bədənlərində gəzdirib yaydıqlarına görə xəstə quşların müalicə olunması məsləhət deyil.
Profilaktika və mübarizə tədbirləri: Xəstəliyin profilaktikası və onunla səmərəli mübarizə aparmaq üçün baytarlıq-sanitariya və xüsusi tədbirlər kompleksinin həyata keçirilməsi vacibdir. Çiçək xəstəliyinin baş verməsinə şübhə olduqda bütün quşlar diqqətlə kliniki müayinədən keçirilir. Patolojianatomiki, virusoskopiki və lazım gələrsə bioloji müayinələr aparılır, diaqnoz dəqiqləşdirilir.
Xəstəlik baş vermiş təsərrüfatlar qeyri-sağlam elan olunur və karantin qoyulur. Quş və quş məhsullarının, yemin, əşyaların və s. çıxarılması, təsərrüfata quşun gətirilməsi qadağan edilir. Xəstə və zəif quşlar seçilərək kəsilir, kliniki sağlam quşlar peyvənd olunur. Qeyri-sağlam təsərrüfatlarda müntəzəm olaraq mexaniki təmizlik, dezinfeksiya və dezinseksiya aparılır.
Dezinfeksiya vasitəsi kimi natrium qələvisinin 3 %-li, formaldehidin 2%-li, söndürülmüş əhəngin 20%-li, xlorlu əhəngin 2%-li fəal xloru olan durulmuş məhlullarından istifadə oluna bilər. Quş binaları təmiz və quru olmaqla quşların yerinin sıx olmasına yol verilməməlidir. Altlıq biotermiki üsulla zərərsizləşdirilməlidir. Karantin təsərrüfatdan xəstəlik ləğv edildikdən 2 ay sonra götürülür. Çiçəyə görə qeyri-sağlam olan təsərrüfatlarda epizootiki vəziyyətdən asılı olaraq profilaktiki məqsədlə quşların hamısı peyvənd olunmalıdır.
8.9 Ördəklərin taunu
Ördəklərin taunu (ördəklərin viruslu enteriti, ördəklərin Hollandiya taunu) Pestis anatoculorum - su quşlarının iti kontagioz virus xəstəliyi olmaqla depressiya, parezlər, mədəbağırsaq traktının zədələnməsi, parenximatoz orqanlarda qan sağıntıları, arıqlama və fibrinozlu-eksudativ proseslərin inkişafı ilə səciyyələnir.