Ümumiyyətlə, parazitar xəstəlik olan sirinqofilyoz geniş yayıldıqda düşmüş lələkləri yığıb yandırmaq, hər 10-15 gündən bir qəfəsləri, ərazini, binaların daxilini, qulluq əşyalarını müvafiq qaydada dezakarizasiya etmək lazımdır. Həmçinin 2 həftədə bir dəfə quş damlarındakı altlığı yığışdırıb yandırmaq lazımdır.
Parazitar xəstəlik olan sirinqofilyoz ətlik və yumurtalıq istiqamətli quşçuluq təsərrüfatlarına böyük iqtisadi ziyan vurmaqla ətin, yumurtanın və quş tükünün itkisinə səbəb olur. Tək-tək hallarda gənə ilə yoluxan xəstə quşlar kəsimə verilir ki, digər sağlam quşları yoluxdura bilməsinlər. Quşlarda xəstəliyin geniş yayılmasının qarşısını almaq məqsədilə xəstə quşlar cavan sağlam quşlarla əvəz edilməlidir.
Yem, su qabları və digər aksessuarları hər gün isti su ilə yumaq məsləhət görülür.
Xəstəliyin ləğvi üçün onu vaxtında aşkar etmək və lazımi müalicəprofilaktika tədbirlərinin aparılması vacibdir.
8.12 Ev toyuqlarında parazitlik edən eymeriyalar
Quşçuluğun inkişafına maneçilik törədən bir çox amillər var ki, bunlardan biri də parazitar xəstəliklərdir. Parazitozlardan eymeriozlar daha təhlükəli hesab olunur. İnvaziyanın əsas yayılma mənbəyi xəstə quşların zılı ilə xarici mühitə düşmüş oosistalardır. Qidalanarkən və su içərkən sağlam toyuq və cücələr eymeriozun yumurtalarını udaraq yoluxurlar. Müvafiq müalicə-profilaktika tədbirləri görülmədikdə yoluxma bəzi hallarda 80-100%-ə çatır, kütləvi ölüm başlayır. Sağ qalmış quşların invazion və infeksion xəstəliklərə həssaslığı yüksəlir, inkişafı zəifləyir, çəki artımı dayanır, məhsuldarlığı və məhsullarının keyfiyyəti aşağı düşür. Hal-hazırda baytarlıq müalicə, sanitariya-gigiyena tədbirlərinin və quşçuluqda təsərrüfat mədəniyyətinin yüksəldilməsinə baxmayaraq, ev toyuqlarının eymeriyalarla yoluxması davam edir.