Yemin tərkibindəki amin turşuları orqanizmin əvəzolunmaz amin turşularına olan ehtiyaclarını ödəməlidir, əks təqdirdə onlarla yanaşı, proteinin qıtığ və bolluğu məhsuldarlığa təsir göstərir. Yeyilən yemin tərkibində proteinin miqdarı qidalanma enerjisinin səviyyəsinə görə nizamlanır, çünki qüvvəli yemlərdə enerji tutumu artdıqca yeyilən yemin miqdarı azalır. (Cədvəl 4.)
Cədvəl 4. Yumurtlayan toyuqların enerji və proteinə görə qidalanma normaları
Yumurtanın kütləsi 59 qr
Canlı kütlə kq | Xam protein,q | Mübadilə enerjisi kilo kal |
1,50 | 20,0 | 1200 |
1,75 | 20,5 | 1270 |
2,00 | 21,0 | 1340 |
2,25 | 21,5 | 1110 |
2,50 | 22,5 | 1550 |
Mənbə: L.Durst, M. Wittman. - Kənd təsərrüfatı heyvanlarının yemləndirilməsi (dərslik), Bakı, Qapp-Poliqraf 2005.
4.3 Yumurtlayan ana toyuqların vitamin və mineral maddələrə tələbatı
Yumurtlayan toyuqların mineral və bioloji aktiv maddələrə olan tələbatının ödənilməsində kalsiuma xüsusi diqqət yetirmək lazımdır, çünki təkcə yumurta qabığı ilə gündəlik itki 2-2,5 q təşkil edir. Əgər yemin tərkibindəki kalsiumun 50 %-nin mənimsənildiyi nəzərə alınarsa, onda toyuqlar gündə ən azı 3,5-5 q kalsium qəbul etməlidir. Quşların sümük skeletindən 20 q kalsium istifadə edilməsi yalnız yumurtanın kövrəkləşməsinə deyil, həm də məhsuldarlıq və sağlamlıq durumuna ciddi təsir göstərir. Kalsiumun orqanizm tərəfindən maksimum səviyyədə mənimsənilməsinə nail olmaq üçün ilk növbədə D3 vitamininə olan tələbatı ödəmək lazımdır.
Yumurtanın məhsuldarlığının artırılmasında fosfor da böyük rol oynayır. Bir qayda olaraq quşlar fosforu ot yemlərinə nisbətən heyvan mənşəli yemlərdən daha asan mənimsəyirlər. Ot yemlərinin tərkibindəki kompleksli birləşmə halında olan fosfor elementinin mənimsənilməsini yaxşılaşdırmaq üçün letaza fermentinin tətbiqi məsləhət görülür.