E. Təlim nəticəsi 5 - Müxtəlif quş növlərinin saxlanması və bəslənməsi
Təlimin nəticəsi olaraq dinləyicilər:
1. Toyuqların və cücələrin bəslənməsi;
2. Cücələrin gündəlik yem norması;
3. Quşçuluq təsərrüfatlarında cinsiyyət qruplarına görə ayrılması;
4. Ördəklərin saxlanması və bəslənməsi;
5. Qazların saxlanması və effektiv çoxaldılması, yemlənməsi;
6. Çoxaltma məqsədilə yumurtaların seçilməsi;
7. Hind quşunun çoxaldılması və yemlənməsi haqqında bilir. Uyğun quş növlərinin kökəldilməsi və onların davranışını bilir. Quşçuluq təsərrüfatlarında və ailə təsərrüfatlarında təcrübi biliklərə malikdir.
5.1 Toyuqların və cücələrin bəslənməsi
Quşçuluq təsərrüfatlarının hər il müntəzəm olaraq yaşlı və az məhsuldar toyuqların, yüksək məhsuldar cavanlarla əvəz edilməsi və toyuqların sayının artırılması, fermerlərin və həmçinin ailə təsərrüfatlarında toyuqların məhsuldarlığının artırılmasını təmin etmək məqsədi ilə cücələrin bəslənməsi üçün lazımı qaydalara əməl edilməlidir.
Zootexniki qaydalar və təcrübə göstərir ki, körpə cücələr bəslənmənin ilk günlərində isti, təmiz havalı, quru döşəməli otaqlarda saxlanmalıdır. Bu mümkün olmadıqda bir neçə mərtəbəli qızdırılan qəfəslərdən də istifadə oluna bilər.
Quş bəslənən damlar körpə cücələrin orada düzgün yerləşməsi və orqanizminin normal inkişafı üçün münasib olmalıdır. Belə damlar yaşayış məntəqəsindən və yollardan aralı, suya yaxın qumsal torpaqlı sahədə tikilməlidir.