6.1 Ətlik toyuqların saxlanması
Almaniyada 2013-cü ilin mart ayına olan məlumata əsasən təqribən 97 milyon toyuq ətlik istiqamətdə saxlanırdı. Ətlik quşçuluqda həm dişi, həm də erkək quşlar saxlanılır. Toyuqların 97 faizi ənənəvi üsulla torpaq döşəmədə saxlanılır. Sərbəst gəzinti şəraitində saxlanan toyuqların ət məhsuldarlığı tövlədə saxlanan ətlik toyuqların ət məhsuldarlığından əhəmiyyətli dərəcədə fərqlənir. 2003-cü ildə demək olar ki, 10 ətlik təsərrüfatdan 9-u tövlədə 10.000-dən az baş sayı ilə ətlik istiqamətdə toyuq saxlayırdı. 10 il sonra ətlik toyuqların tövlədə baş sayı daha çox artırıldı, artıq ətlik toyuqların 77 %-i tövlələrdə 50.000 və daha çox baş sayı ilə saxlanmağa başladı. Bu gün Almaniyada təsərrüfatlar vardır ki, quşların tövlədə baş sayı 200.000-dən artıqdır. Bu müəssisələrdən çoxları sahədə yem bitkilərinin əkimini aparmır və quşlar da açıq sahəyə buraxılmır. Müəssisənin yemə olan tələbatı, əsasən, kənardan ödənilir.
Almaniyada, əsasən, ətlik istiqamətdə saxlanmanın 3 üsulundan istifadə olunur.
1. Qısa müddətli kökəltmədə toyuqlar 28-30 gündən sonra, təxminən 1,5 kq ağırlığında kəsimə aparılır.
2. Orta müddətli kökəltmə istiqamətində toyuqlar təqribən 35 gündən sonra, 2-2,2 kq ağırlığında kəsilir.
3. Uzunmüddətli kökəltmə istiqamətində toyuqlar təqribən 42 gün saxlanılır və kökəldilir, maksimum çəkisi 2,7 kq olur. Bu zaman kəsimə aparılır.
Torpaqda saxlama şəraitində ətlik toyuqlar böyük qapalı və isti tövlələrdə saxlanılır. Ətlik istiqamətdə saxlanan iri müəssisələrdə toyuqların çöldə gəzintisi demək olar ki, nəzərdə tutulmayıb. Tövlənin içəri sahəsi tamamilə ətlik istiqamət üçün qurulmuşdur, yalnız yem və su qabları avadanlıqları tövlədə var, belə tövlələrdə təbii saxlama şəraitinə uyğun heç bir təchizat görmək mümkün deyil. Sənaye üsulu ilə ətlik istiqamətli quşçuluq tövlələlərində iş prosesi demək olar ki, tamamilə avtomatlaşdırılmışdır, ona görə burada heyvan sayının çox olmasına baxmayaraq, iş yükü o qədər də çox deyil. Kökəldilmənin başlanğıcında təsərrüfatın işçi heyəti inkubatordan gətirilmiş bir günlük cücələri tövləyə yerləşdirir. Kəsim həftəsinə az qalmış müddətə kimi cücələrin yalnız 5-7 % -i tələf olur. Bu itkilər ətlik təsərrüfatın idarəçiləri tərəfindən qabaqcadan nəzərə alınır.