Təlim nəticəsi 8 – Yerli cinslərin xüsusiyyətləri
8.1 Azərbaycanda qaramalın cins tərkibi
Ölkəmizdə heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması üçün dövlət səviyyəsində bir çox addımlar atılmaqdadır. Bu addımlara başqa ölkələrdən cins heyvanların idxal edilməsi, yerli cins inəklərin süni mayalanma yolu ilə cins tərkibinin yaxşılaşdırılması işinin həvəsləndirilməsi və s. aid etmək olar. Ümumilikdə görülən tədbirlərin fonunda ölkədə mövcud qaramalın cins tərkibi bir çox xarici ölkələrdə əldə edilən məhsuldarlıq göstəricilərinə nail olmağa imkan vermir. Bunu ölkə üzrə mövcud qaramalın cins tərkibinə nəzər saldıqda da müşahidə etmək olar.
Cədvəl. Azərbaycan qaramal cins tərkibi 1
Cinslər | 1990 | 2010 | ||
baş | % | baş | % | |
Qonur Qafqaz | 125.5 | 24 | 179.3 | 31.5 |
Qara-ala | 166.4 | 31.8 | 159.4 | 28 |
Simmental | 46.9 | 8.9 | 70.04 | 12.3 |
Şvis | 49.8 | 9.5 | 55.8 | 9.8 |
Kostroma | 37.2 | 7.15 | 44.41 | 7.8 |
Qonur Latviya | 51.1 | 9.75 | 24.48 | 4.3 |
Digər | 47.3 | 5.5 | 35.4 | 6.2 |
Cəmi damazlıq mal | 523.8 | 28.9 % | 569.4 | 21.9 % |
Cəmi qaramal | 1831.6 | 2600.1 |
Azərbaycanda geniş yayılmış əsas yerli cins olaraq Qafqaz qonur malını göstərmək olar. Bu cins XX əsrdə yaradılıb və məhsuldarlıq göstəricilərinə görə Qərb ölkələrindən gətirilmiş heyvanlardan aşağı nəticələrə malikdir.
8.1.1 Qafqaz qonur malı
Qafqaz qonur malı öz yayılma və bioloji təsərrüfat cinsiyyətinə görə respublikamızın ərazisində ən geniş yayılmış əsas cinsdir. Azərbaycan Respublikasının Qafqaz malının yaradılması prosesi bir neçə mərhələdən ibarət olmuşdur. 1860-cı ildən başlayaraq Qafqaza müxtəlif cinslər gətirilmiş və yerli malın təkmilləşdirilməsində istifadə edilmişdir. Azərbaycanda yayılmış Qafqaz qonuru cinslilik dərəcəsinə görə, əsasən, I nəsil mələzlərdən və yaxşılaşmış maldan, qismən də (10%) təmiz cins və III nəsil mələzlərdən ibarətdir.
1mənbə - S. Abbasov və başqaları, Heyvandarlıq – dərslik, Gəncə 2011, s.104