Qafqaz qonur malı dünya maldarlığında cins yaratma prosesində geniş istifadə olunmuş Şvis cinsinin təsiri altında yaradılmışdır. Şvis malı çoxlu miqdarda müxtəlif cinslərin əmələ gəlməsinə səbəb olduğundan və bu cinslərin hamısı üçün qonurluq əsas rəng xüsusiyyəti təşkil etdiyindən, Şvis əsaslı mal cinsləri qonur mal adı ilə məşhurdur.
1936-cı ildən başlayaraq respublikamızda müxtəlif zonalar və rayonlar üzrə yaxşılaşdırılan qaramal cinsləri təsdiq ediləndən sonra Şvis malının kütləvi surətdə artırılması davam etdirilmişdir. Respublika ərazisində yerli Qafqaz malı aborigen heyvan sayılmaqla, az məhsuldar cins olmaqla gec yetişkənlilik xüsusiyyətlərinə malik olmuşlar. O dövrlər yerli qaramalın məhsuldarlığını artırmaq məqsədilə Şvis buğalarından istifadə olunmuşdur. Yerli Qafqaz malını Şvis cinsi ilə çarpazlaşdırmaqda məqsəd hər iki tərəfin müsbət xassələrini əlverişli şəkildə təcəssüm etdirən, daha yüksək süd və ət məhsulu verən, iqtisadi göstəriciləri əlverişli olan, habelə müasir tələbləri ödəyən, yeni cins yaratmaqdan ibarət olmuşdur. Bu cins 1960-cı ildə təsdiq edilmişdir. Yerli Qafqaz malının Şvis cinsindən olan buğalarla cütləşdirilməsindən əmələ gəlmişdir. Cins yaradılarkən Azərbaycan zebusunun qanından da istifadə olunmuşdur.