8.2 Yerli cinslərin məhsuldarlıq göstəriciləri
Süd məhsuldarlığı
Azərbaycanda yaradılmış müxtəlif nəsil mələzlər süd məhsuldarlığına, südün yağlılığına və canlı kütləsinə görə yerli maldan fərqlənmələrinə baxmayaraq, bu fərq o qədər də qabarıq şəkildə gözə çarpmır. Mələzlər laktasiya ərzində müxtəlif baxım səviyyəsindən asılı olaraq məhsul vermişlər. Azərbaycanda Qafqaz qonuru malının orta süd məhsuldarlığı qabaqcıl təsərrüfatlarda 2100-2600 kq olmuşdur. Dövlət damazlıq kitabında olan məlumata əsasən I laktasiyada 2635 kq, II laktasiyada 3042 kq, III laktasiyada 3223 kq süd vermişlər. Bu inəklərin südünün yağlılığı müvafiq surətdə 3,93; 3,96; 3,92% olmuşdur. Ən yüksək yağlılıq 4,49%-ə çatır. Yüksək bəsləmə şəraitində inəklər çox südvermə qabiliyyətinə malik olurlar.
Qırmızı Qazax malının laktasiya ərzində süd məhsuldarlığı 1900-2000 kq, südünün yağlılığı isə orta hesabla 4,2-4,6 %-olur.
Ət məhsuldarlığı
Dişi və erkək cavan mal intensiv surətdə bəsləndikdə canlı kütləsi doğularkən 28-29 kq, 6 aylıqda 145-158 kq, 12 aylıqda 225-240 kq, 18 aylıqda 330-420 kq olur. 3 dəfə və daha çox doğmuş inəklərin canlı kütləsi təsərrüfatlarda 400-470 kq, hətta 550 kq olmuşdur. Yaşlı buğaların canlı kütləsi 700-800 kq, ayrı-ayrı fərdlərdə isə 900-1000 kq-dır.
Qırmızı Qazax malının canlı kütləsi inəklərdə 380-400 kq, buğalarda isə 450-500 kq olur. Cavan mallarda təmiz ət çıxarı 50%-dən çoxdur.