GİRİŞ
Hörmətli oxucu,
Bu modul Sizə kənd təsərrüfatının mühüm sahələrindən biri olan südlük maldarlıq haqqında bilik və bacarıqları əldə etməyə imkan verəcəkdir. Modulda südlük maldarlığın iqtisadi əhəmiyyəti və səmərəliliyi, həmçinin ölkəmizdə süd istehsalının vəziyyəti haqqında geniş məlumat veriləcəkdir.
Modul Sizə südlük maldarlıqda yemləmənin əhəmiyyəti, yem bitkiləri və onların hazırlanması, həmçinin düzgün saxlanması haqqında məlumat veriləcəkdir. Düzgün yemləmə, yemləmənin məhsuldarlığa uyğun düzgün təşkili və həmçinin səhv yemləmənin səbəb olduğu xəstəliklər haqqında biliklər əldə edəcəksiniz.
Süd, onun formalaşması və kimyəvi tərkibi haqqında biliklər veriləcək, sağım prosesi və ona texniki qulluqla bağlı praktiki biliklər əldə edəcək, tapşırıqlar vasitəsilə bilik və bacarıqlarınızı dərinləşdirəcəksiniz.
Südlük maldarlığın süd istehsalı üzrə texniki və zootexniki-baytarlıq tələbləri, istehsalın düzgün təşkili və idarə edilməsi üzrə məlumatlar modulda əks olunub. Südlük maldarlıqla yanaşı, ətlik və damazlıq maldarlıq üzrə zəruri biliklər əldə edəcəksiniz.
Əziz oxucu!
Bu modul üzrə təlim və praktiki tədbirlərdə aktiv iştirak etməklə heyvandarlığın mühüm sahəsi olan maldarlıq üzrə zəruri biliklər əldə edəcək, bilik və bacarıqlarınızı dərinləşdirəcəksiz. Əldə edəcəyiniz bilik və bacarıqlar Sizə gələcəkdə işləyəcəyiniz heyvandarlıq təsərrüfatlarında mütəxəssis işinin öhdəsindən layiqli şəkildə gələ bilməyinizdə mühüm rol oynayacaqdır.